Şimali Makedoniyanın Baş naziri: Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlıyıq
SİYASƏT

Şimali Makedoniyanın Baş naziri: Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlıyıq

Sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniya Respublikasının Baş naziri Dimitar Kovaçevski ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələr və regional vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanla Şimali Makedoniya arasında ikitərəfli dostluq münasibətlərindən məmnunluğunu bildirib. Azərbaycan tərəfindən energetika sahəsində həyata keçirilən işlər və gələcək planlar qarşı tərəfin diqqətinə çatdırılıb. Nazir 30 il ərzində ərazilərimizin işğalı, şəhər və kəndlərin dağıdılması, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı tərəfimizdən görülən işlər, habelə Ermənistan tərəfinin son təxribatları ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib.

Baş nazir Dimitar Kovaçevski ölkələrimiz arasında münasibətlərin daha da inkişafında maraqlı olduqlarını, qurumlar arasında dialoqun davam etdirilməsinin vacibliyini bildirib. Azərbaycanın Avropanın enerji təminatına töhfəsi xüsusi vurğulanıb.

Tərəflər, həmçinin ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini, habelə digər qarşılıqlı maraq doğuran istiqamətləri müzakirə ediblər.

AZƏRTAC