Şimaldan Cənuba, Şərqdən Qərbə uzanan yollar ölkəmizə olan marağı daha da artırır
Siyasət

Şimaldan Cənuba, Şərqdən Qərbə uzanan yollar ölkəmizə olan marağı daha da artırır

Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycanın əlverişli coğrafi mövqeyi respublikamıza bir sıra üstünlüklər qazandırmışdır. Nəhəng nəqliyyat-tranzit və enerji resurslarının dünya bazarlarına ixrac imkanına malik olan ölkəmiz Şərq ilə Qərb, Şimal ilə Cənub arasında ən qısa və iqtisadi cəhətdən böyük əhəmiyyət kəsb edən əsas beynəlxalq ticarət yollarının birləşdiyi mühüm logistik mərkəzə çevrilmişdir. Azərbaycan ərazisindən keçməklə Şimaldan Cənuba, Şərqdən Qərbə uzanan bu yollar ölkəmizə olan marağı gündən-günə daha da artırır.

Dünyada böyük nəqliyyat qovşağı hesab edilən, region ölkələri ilə mühüm dəmir yolu əlaqələrinə sahib olan Azərbaycan vasitəsilə Çindən Avropaya yüklərin daşınması vaxtını iki dəfəyə qədər azaldan dəhliz uzanır. Bu dəhliz vasitəsilə yüklərin daha əlverişli, təhlükəsiz şəraitdə və qısa zaman müddətində daşınması tranzit ölkə olaraq Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə artırır və bu, bir çox ölkələr tərəfindən yüksək dəyərləndirilir. Həmçinin ölkəmiz vasitəsilə daşınan beynəlxalq yüklərin həcminin ildən-ilə artması onun tranzit imkanlarını daha da genişləndirir. Çin ilə Avropa arasında yüklərin daşınmasının Şərq-Qərb marşrutunun önəmli hissəsi olan Azərbaycan vasitəsilə həyata keçirilməsi həm vaxta qənaət etməyə imkan verir, həm də maliyyə baxımından daha sərfəli qiymətə başa gəlir. Bu baxımdan, Azərbaycan, Qazaxıstan və Gürcüstan tərəfindən yaradılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu bu istiqamətdə atılan uğurlu addımdır.

Noyabr ayının 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edən Prezident İlham Əliyev bir sıra məsələlərlə yanaşı, ölkələrlə ikitərəfli formatda sıx əməkdaşlıq əlaqələrinə də toxunmuşdur: "Bu gün dünyanın və bizim bölgəmizin enerji-nəqliyyat xəritələrinə baxmaq kifayətdir ki, hər kəs görsün bizim təşəbbüsümüzlə icra edilən layihələr həm ölkəmizə, həm də bizim tərəfdaşlarımıza nə qədər böyük fayda gətirib. Bizim təşəbbüsümüzlə nəqliyyat və enerji layihələrində iştirak edən ölkələrin sayı onlarla ölçülür. Hələ indiki mərhələdə daha geniş vüsət alacaq və bütün bu ölkələr bizim təbii dostlarımızdır, müttəfiqlərimizdır. Eyni zamanda, bu layihələr bizə əlavə maliyyə imkanı yaratdı".

TBNM 2014-cü ildə Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının birgə təşəbbüsü ilə yaradılmış və sonralar Ukrayna, Rumıniya və Polşanın da aidiyyəti qurumları bu marşruta qoşulmuşlar. Bu gün Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu bir çox ölkələr üçün də cəlbedicidir. Marşrut boyu yükdaşımalar "bir pəncərə" prinsipi əsasında vahid keçid tarifi ilə həyata keçirilir.

2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yükötürmə qabiliyyəti daha da artmış, Orta Dəhlizə əlavə həcmdə yüklərin cəlb edilməsinə geniş imkan yaranmış və qatarların qısa zamanda təyinat yerinə çatma vaxtı qısalmışdır. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın Avropa bazarına çıxışını sürətləndirir və bu yoldan istifadə edən ölkələrin tranzit daşımalardan əhəmiyyətli gəlir əldə etməsini təmin edir. Avropa ilə Asiyanı birləşdirən bu dəmir yolunun əhatə etdiyi ölkələrin bir-birinin iqtisadiyyatına qarşılıqlı sərmayə qoyuluşu nəticəsində ölkələr arasında ticarət dövriyyəsi daha da genişlənir. Avrasiyanın nəqliyyat xəritəsinin əsas hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun üzərində yerləşən ölkələr bütün sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirməklə, eyni zamanda, bölgədə sabitliyin, təhlükəsizliyin təmin olunmasına, hərtərəfli inkişafa mühüm töhfə verirlər.

Çinlə ticarət əlaqələrinin genişlənməsində mühüm əhəmiyyət daşıyan BTQ vasitəsilə konteyner qatarı Qazaxıstan və Azərbaycan ərazisindən keçməklə Çindən Gürcüstana cəmi 8 günə çatır. Türkiyəyə və Şərqi Avropaya, Aralıq dənizinə çıxışı təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu Transxəzər beynəlxalq daşımalarda əsas yer tutur. Eyni zamanda, Qazaxıstanın Xəzər infrastrukturunda yük axını layihələrini stimullaşdırır, əlverişli logistikanı formalaşdırır, regionda iqtisadi artımı və ticarəti genişləndirir. Həm Mərkəzi Asiya, həm də bütövlükdə region ölkələri üçün xüsusi önəm daşıyan BTQ tranzit dəhlizlərinin, nəqliyyat infrastrukturunun səmərəli işlənilməsinə və müxtəlif istiqamətlərdə yük daşımalarının həcminin artırılmasına imkan yaratmaqla bölgənin sabit və təhlükəsiz inkişafını, tərəqqisini təmin edir.

Qazaxıstan, Azərbaycan və Türkiyə respublikalarının tranzit potensialının artırılmasında önəmli rol oynayan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə "Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı" istiqamətində hərəkət edən ilk "Nomand ekspress" sınaq konteyner qatarı 2015-ci il avqustun 3-də yola salınmışdır. 10-12 gün ərzində yüklərin Çindən Avropaya çatdırılmasını təmin edən bu marşrut vasitəsilə Çin-Avropa-Çin və Orta Asiya-Avropa-Orta Asiya istiqamətində multimodal dəmir yolu yükdaşımalarının həcminin artırılması bütövlükdə dünya iqtisadiyyatının inkişafına geniş imkanlar yaradır. Yüklərin daha çox dəmir yolu ilə daşınması nəticəsində avtomobil yollarına düşən ağırlığın azalması, ümumilikdə konteynerləşmə prosesini sürətləndirməklə ölkələrin daha çox sənayeləşməsinə, istehsalın diversifikasiyasına və daha çox əlavə dəyərə malik son məhsul istehsalının nəql olunmasına şərait yaratması BTNM-nin ən mühüm üstünlüklərindən hesab edilir. Belə ki, Çin və Avropanı birləşdirən Orta Dəhliz üzrə hərəkət edən blok qatarı 20-25 gün müddətinə yüklərin Çindən Avropaya fasiləsiz çatdırılmasını təmin edir ki, bu da layihənin əhəmiyyətini daha da artırır. Bu baxımdan, Türkiyə, Azərbaycan və Qazaxıstan respublikaları nəqliyyat və informasiya-kommunikasiya infrastrukturlarının, o cümlədən BTQ dəmir yolu xəttinin inkişafı ilə qarşılıqlı əlaqələrin intensivləşdirilməsi istiqamətində birgə əməkdaşlıqlarını daha da genişləndirirlər. Bu, həmçinin regional səviyyədə risklərin və çağırışların qarşısının alınması və azaldılmasına da müsbət təsir göstərir.

Bu il iyun ayının 27-də Bakıda Azərbaycan dövlətinin təşəbbüsü ilə Azərbaycan, Qazaxıstan və Türkiyə respublikalarının xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin ilk üçtərəfli görüşü zamanı da üç ölkənin nəqliyyat və bağlantılar sahəsində əməkdaşlığının daha da genişləndirilməsi imkanları müzakirə olunmuş və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf etdirilməsi, bu istiqamətdə mövcud olan yük daşımalarına xüsusi diqqət yetirilməsi əsas mövzu olmuşdur. İlk üçtərəfli görüş zamanı Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdı Orta Dəhlizin rolunu gücləndirmək üçün Transxəzər vasitəsilə tranzit daşımaların daha da inkişafı və asanlaşdırılması məqsədilə vacib işlərin görüləcəyini bildirmişdir.

Yüksək səviyyəli ikitərəfli regional əməkdaşlıq quran Azərbaycan, Türkiyə və Qazaxıstan arasında nəqliyyat-kommunikasiya sahəsində əlaqələr ölkələrin böyük iqtisadi potensialı əsasında bu gün daha da möhkəmləndirilir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən üç tərəfdaş ölkə həm də Avropa və Asiyanı birləşdirən tranzit ölkə olaraq Xəzər dənizi-Qara dəniz əməkdaşlığının gücləndirilməsində əsas rol oynayırlar.

Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərini işğalı nəticəsində bölgədə məhdudlaşan nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirmək üçün əlverişli imkanlar yaradıb. Qitənin nəqliyyat xəritəsini təkmilləşdirməklə yanaşı, Azərbaycanın qlobal logistik-tranzit qovşağı mövqeyini daha da möhkəmləndirəcək Zəngəzur dəhlizinin həm regional, həm də beynəlxalq əhəmiyyəti çox böyükdür. Lakin Ermənistanın Naxçıvana və daha sonra Türkiyəyə uzanan yeni dəhlizin açılmasına qəti fikir bildirməməsi məsələnin həllinin uzanmasına səbəb olur. Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə ölkə başçımız bu barədə demişdir: "Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir, öz üzərinə öhdəlik götürüb. Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks-istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. Biz nə vaxta qədər gözləməliyik?".

Bəli, Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək və bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrini bərpa etməklə Qərbdən Şərqə uzanacaq ticarət yolu olacaq. Həmçinin, bu dəhlizin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq və bölgə ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Zəngəzur dəhlizi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq. Bütün bunlar isə nəinki regionda, dünyada əlverişli coğrafi mövqeyə, böyük iqtisadi potensiala sahib olan ölkəmizə marağı gündən-günə artırır.

Mehparə ƏLİYEVA,

"Respublika".