Şeyxülislam Allahşükür Paşazadə: Şuşa Bəyannaməsi türkdilli dövlətlərin birliyinin bünövrəsidir
MÜSAHİBƏLƏR

Şeyxülislam Allahşükür Paşazadə: Şuşa Bəyannaməsi türkdilli dövlətlərin birliyinin bünövrəsidir

Türk Dövlətləri Təşkilatı nəzdində dini liderlərin birliyinin yaradılması ideyası Azərbaycan tərəfindən irəli sürülüb. Prezident İlham Əliyev bu ideyanı müsbət qarşılayıb və təsdiq edib. Bunun davamı olaraq biz də dini birliyimizi yaratdıq və ilk görüşümüzü İstanbulda keçirdik. Bu, bizim digər sahələrdə olduğu kimi, dini baxımdan da birliyimizi yaratmaq, mədəniyyətimizi, tariximizi təbliğ etmək məqsədi daşıyır. Ölkə rəhbərlərimizin birliyi bizim mənəvi yaxınlaşmamıza da şərait yaratdı. Bu çərçivədə birgə konfranslarımız, dini bayramlarımızla bağlı təbirlərimiz də gözlənilir. Bu, dini, dili, tarixi bir olan xalqlarımızın mənəvi birliyi baxımından da çox vacib addımdır. Əsas məqsədlərimizdən biri də odur ki, dövlət başçılarımız bir çox sahələrdə qərarlar qəbul etdikdə, biz də din xadimləri olaraq bu işə dəstək olaraq, onların fəaliyyətini təbliğ edək. Bu, olduqca vacib amildir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İstanbulda Azərbaycan mediasına müsahibəsində ifadə edib.

Türkdilli dövlətlər arasındakı birliyin ən bariz nümunəsinin "Şuşa Bəyannaməsi" olduğunu qeyd edən QMİ sədri deyib: "Demək olar ki, "Şuşa Bəyannaməsi" türkdilli dövlətlərin birliyinin bünövrəsidir. Bu gün dünyada baş verən hadisələr də bizi təşkilat çərçivəsində birləşməyə, birgə hərəkət etməyə vadar edir. Türkdilli dövlətlərin rəhbərləri arasındakı qardaşlıq, dostluq münasibətləri isə biz, din xadimlərini də çox sevindirir. Bunun üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xüsusi minnətdarlığımı bildirmək istərdim. O, türkdilli xalqların birliyi baxımından əhəmiyyətli rol oynayır, hər bir xalqın öz sözünü deməsinə imkan yaradır".

"Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusu 44 günlük Vətən müharibəsi ilə otuz ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Hər zaman olduğu kimi, bu məsələdə də Türkiyə bizim haqlı savaşımızda yanımızda oldu. Digər türkdilli dövlətlər də bizi dəstəklədi. Bunun üçün mən tədbirdəki çıxışımda olduğu kimi, bir daha bu dövlətlərə minnətdarlığımı bildirirəm", - deyə Şeyxülislam Allahşükür Paşazadə bildirib.

QMİ sədri deyib: "Türk Dövlətləri Təşkilatının Dini Liderlərinin Nizamnaməsini hazırlayıb təhvil vermişik. Arzu edirəm ki, bu Nizamnamə dini liderlərin ölkəmizdə, hətta Şuşada keçirilən ikinci toplantısında qəbul edilsin. Mən bu ilin sentyabr və ya oktyabr aylarında təşkilatın Dini Liderlərinin İkinci Toplantısının ölkəmizdə keçirilməsi ilə bağlı dəvətimi dilə gətirdim. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin əhəmiyyətini bir daha göstərəcək. Türk dövlətlərinin dünyada öz sözünü deyə bilməsinin əsas təməllərindən biri də bizim birliyimizdir. Bu, həm də xalqlarımızın mədəniyyətinin, mənəviyyatının dünyada təbliği, eyni zamanda, tariximiz baxımından böyük işlər görməyə şərait yaradır. Görülən bütün bu işlərin öz töhfəsini verəcəyinə inanıram".

AZƏRTAC