Şeyxülislam Allahşükür Paşazadə Rusiyada keçirilən VIII Parlament Forumunda videokonfrans formatında iştirak edib
Digər xəbərlər

Şeyxülislam Allahşükür Paşazadə Rusiyada keçirilən VIII Parlament Forumunda videokonfrans formatında iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə sentyabrın 30-da Rusiya Federasiyasının Yaroslavl şəhərində keçirilən VIII Parlament Forumunda videokonfrans formatında iştirak edib. Forumda Rusiya Federasiyasının dövlət hakimiyyəti orqanlarının, Rusiya və xarici ölkələrin tanınmış ictimai, təhsil, elmi-tədqiqat müəssisələrinin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

İdarənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun şəxsi dəvəti ilə Parlament Forumuna qonaq qismində dəvət olunan MDB Dinlərarası Şurasının həmsədri şeyxülislam Allahşükür Paşazadə tədbirdə onlayn çıxış edib.

QMİ-nin sədri çıxışında xüsusi vurğulayıb ki, ənənəvi dinlərin mənəvi dəyərləri bəşəriyyəti qarşılıqlı anlaşmaya, dünya miqyasında əməkdaşlığa, sülh və sabitliyinin möhkəmləndirilməsi işinə öz dəyərli töhfəsini verməyə dəvət edir. Bildirib ki, hazırkı mürəkkəb dövrdə cəmiyyətlərdə həmrəylik və qarşılıqlı anlaşmaya nail olmaq yönündə mədəniyyətlərarası, dinlərarası dialoq, habelə dövlət, dini və ictimai qurumların əməkdaşlığı xüsusi önəm kəsb edir.

Parlament Forumu çərçivəsində "Rusiya xalqlarının tarixi-mədəni irsinin dinlərarası dialoq prosesinə töhfəsi" mövzusunda keçirilən paneldə 2022-ci ilin mayında Sankt-Peterburqda baş tutacaq Mədəniyyətlərarası və dinlərarası dialoqa dair Ümumdünya Konfransına hazırlıq məsələləri müzakirə edilib.

AZƏRTAC