Şeyxülislam Allahşükür Paşazadə: Erməni vətəndaşlarımız da bizimlə birlikdə əmin-amanlıqda yaşaya bilərlər
Digər xəbərlər

Şeyxülislam Allahşükür Paşazadə: Erməni vətəndaşlarımız da bizimlə birlikdə əmin-amanlıqda yaşaya bilərlər

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqi qəbul edib.

QMİ-nin Mətbuat Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şeyxülislam Azərbaycanda müxtəlif din nümayəndələrinin dostluq, qardaşlıq, qarşılıqlı anlaşma mühitində yaşamalarını böyük nemət kimi dəyərləndirdiyini və ölkəmizin xristian dünyası ilə əlaqələrinin dərinləşməsini müsbət hal kimi qeyd edib.

QMİ sədri Azərbaycanda dinlər, konfessiyalar arasında mövcud münasibətlərin yüksək səviyyəsinin təmini və davamlılığında dövlət siyasətinin, şəxsən ölkə rəhbərinin səy və fəaliyyətinin böyük rolu olduğunu fəxarətlə vurğulayıb. O, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz torpaqlarını işğaldan azad etmək, ərazi bütövlüyünün bərpası uğrunda 44 günlük Vətən müharibəsi dövründə, qazanılmış Zəfərdən sonrakı müddətdə Azərbaycanla Almaniya arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu bildirib.

Şeyxülislam Allahşükür Paşazadə rəhbərlik etdiyi QMİ-nin nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Mərkəz xətti ilə bu günədək həyata keçirdikləri təşəbbüs və tədbirlər barədə, Avropa ölkələrində, o cümlədən, 2019-cu ildə Almaniyada baş tutmuş beynəlxalq konfrans barədə almaniyalı səfirə ətraflı məlumat verib və gələcəkdə də Almaniya ilə də dini-mənəvi əlaqələr müstəvisində münasibətlərin yüksək səviyyəsi, dinlərarası əməkdaşlıq yönündə əməli fəaliyyət üçün səy göstərəcəklərini deyib.

Almaniya səfiri ölkəsində İslam dininin alman mədəniyyətinin tərkib hissəsi kimi qəbul edildiyini, müsəlmanların, türk mənşəli, habelə 26 min azərbaycanlı vətəndaşların Almaniyada yaşamasından bəhs edib. Ölkəsində yeni federal hökumət qurulmasından danışan səfir yeni hökumətin də Azərbaycanla əlaqələrin, münasibətlərin uğurlu inkişafında maraqlı olduğunu bildirib.

Almaniya səfiri V.Maniq istər bölgədə, istərsə də dünya miqyasında böyük nüfuz və ehtiram sahibi olan Şeyxülislam Allahşükür Paşazadə ilə görüşməkdən məmnunluğunu ifadə edib.

QMİ sədri, həmçinin səfirin Azərbaycanın dini liderinin erməni din rəhbəri ilə görüşlərinə dair suallarını cavablandırıb. Vurğulayıb ki, monoetnik Ermənistandan fərqli olaraq multikultural Azərbaycanda müxtəlif millət və dinlərin nümayəndələri mehribanlıq, qarşılıqlı ehtiram və anlaşma şəraitində əsrlərlə dinc yanaşı yaşayırlar və erməni vətəndaşlarımız da bizimlə birlikdə əmin-amanlıqda yaşaya bilərlər.

Səfir Azərbaycanda mövcud dinlərarası səmimi münasibətlərin, məzhəblərarası qarşılıqlı ehtiram mühitinin təkcə Qafqaz bölgəsi üçün deyil, Avropa məkanı, o cümlədən, Almaniya üçün böyük maraq və əhəmiyyət kəsb etdiyini deyib.

Görüşdə Azərbaycanın Vətən müharibəsindən sonra iqtisadi tərəqqi, kommunikasiyaların açılması yönündə səylərinin bölgədə dinc birgəyaşayış və qarşılıqlı anlaşma mühitinin tezliklə bərqərarına səbəb olacağına inam ifadə olunub.

Şeyxülislam Allahşükür Paşazadə Almaniya dövlətinin yeni hökumətinə uğurlar diləyib və səfirə bundan sonrakı fəaliyyətində də xeyir-dua verib. Səfirə Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini əks etdirən müxtəlif nəşrlər təqdim olunub.

AZƏRTAC

 

 

 

 

Rumıniya KİV-i Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi barədə məlumat yayıb

Rumıniyanın nüfuzlu "News24hours" xəbər portalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi barədə məlumatı AZƏRTAC-a istinadla yayıb.

Onlayn nəşr xəbər verir ki, Ali Orden dövlətimizin başçısına noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib.

Qeyd olunub ki, Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi Qərarda deyilir: "Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir".

 AZƏRTAC