Şeyx Səud bin Abdullah Əl Müacib: Səudiyyə Ərəbistanı-Azərbaycan dostluğu sarsılmazdır
Siyasət

Şeyx Səud bin Abdullah Əl Müacib: Səudiyyə Ərəbistanı-Azərbaycan dostluğu sarsılmazdır

Mayın 12-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu ifadə edən Sahibə Qafarova ölkəmizin dost və qardaş Səudiyyə Ərəbistanı Krallığı ilə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, iki ölkənin xalqları arasında tarixən mövcud olan oxşar dini və mədəni dəyərlər ölkələrimiz arasındakı münasibətlərin möhkəm təməlini təşkil edir. Milli Məclisin sədri qonağın bu səfərinin yüksək səviyyəli münasibətlərin nümunəsi olmaqla yanaşı, Azərbaycanın və Səudiyyə Ərəbistanının prokurorluq orqanları arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib.

S.Qafarova bu ilin fevralında Azərbaycanla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini xatırladıb. Qeyd edib ki, münasibətlərimiz bu illər ərzində dinamik inkişaf yolu keçib, əməkdaşlığımız daha da genişlənib.

Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində çox səmərəli əməkdaşlıq etdiklərini vurğulayan Milli Məclisin sədri bildirib: "Səudiyyə Ərəbistanının xüsusilə də BMT və İƏT çərçivəsində ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi və ədalətli mövqeyini yüksək qiymətləndiririk".

Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanda parlamentlə Baş Prokurorluq arasında qarşılıqlı faydalı əməkdaşlıq barədə də fikirlərini bölüşüb və parlamentlərarası münasibətlərimizin yüksək səviyyədə olduğunu vurğulayıb. Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ənənəvi dostluq əlaqələrinin genişləndirilməsində ölkələrin ali qanunverici orqanlarının müsbət rolu barədə danışan Milli Məclisin sədri hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının işinin təqdirəlayiq olduğunu deyib.

S.Qafarova qonağa Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsindən sonra bölgədə yaranmış yeni reallıq barədə də məlumat verib. Bildirib ki, səfər çərçivəsində Səudiyyə Ərəbistanı nümayəndə heyətinin üzvləri işğaldan azad olunmuş ərazilərimizdə olub, hər şeyi öz gözləri ilə görüblər. İndi həmin ərazilərdə məscidlərimiz yenidən tikilir, sürətli bərpa və quruculuq işləri aparılır.

Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacib Prezident İlham Əliyevlə görüşü barədə təəssüratlarını bölüşüb. Bildirib ki, Səudiyyə Ərəbistanı-Azərbaycan dostluğu sarsılmazdır.

İki ölkənin prokurorluq orqanları arasında əlaqələrin inkişafından danışan Şeyx Səud bin Abdullah Əl Müacib Azərbaycan Baş Prokurorluğu ilə əməkdaşlığın perspektivlərindən danışıb.

Qonaq bildirib ki, Səudiyyə Ərəbistanının iqtisadi münasibətləri genişləndirmək istədiyi ölkələrdən biri də Azərbaycandır. O, "Expo" sərgisinin 2030-cu ildə Səudiyyə Ərəbistanında keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Görüşdə ölkəsində qadınların Şura Məclisində, hökumət qurumlarında və prokurorluq orqanlarında təmsil olunduqlarını deyən Baş prokuror Səudiyyə Ərəbistanında qadınların ölkə həyatının bütün sahələrində iştirakına böyük önəm verildiyini diqqətə çatdırıb.

Qonaq Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər zamanı dövlətimizin başçısının rəhbərliyi altında görülən işləri və qazanılan nailiyyətləri təqdir edib.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, komitə sədrləri Ziyafət Əsgərov, Zahid Oruc, Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Baş Prokurorluğun nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

AZƏRTAC