Sevincimiz də, kədərimiz də birdir
Türk dünyası

Sevincimiz də, kədərimiz də birdir

Artıq bir həftədən çoxdur ki, qardaş Türkiyədə meşə yanğınları ara vermir. Gələn xəbərlər ürəyimizi parçalayır, qəddar alovların istisi burada canımızı yandırır. Yaxşı deyiblər ki, dar gündə qardaşa dayaqdır qardaş. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə yanğının ilk günündən fövqaladə hallar nazirliyinin texnikası və canlı qüvvəsi qardaş Türkiyənin köməyinə göndərilib. Bir amfibiya təyyarəsi, bir helikopter və yüzlərlə yanğınsöndürən maşın, beş yüz nəfərdən çox yanğınsöndürən alovlarla mübarizəyə atılıb. Qəhrəmanlıq və fədakarlıq nümayiş etdirən azərbaycanlı yanğınsöndürənlər qardaş Türkiyənin üzləşdiyi təbii fəlakətin aradan qaldırılması üçün əzmlə çalışırlar.

Adana, Antalya, Denizli, İsparta, Mersin, Muğla, Osmaniyə və Uşak bölgələrində yanğınla mübarizədə türk qardaşları ilə çiyin-çiyinə mücadilə aparırlar. Yanğın bölgələrindən gələn bir xəbər diqqətimi dərhal çəkdi və məni yaxın keçmişimizə, 1993-1994-cü illərə çəkib apardı. Bu barədə, bir qədər sonra.

Yaralara məlhəm qoyan Türk Qızılayı ən çətin yerlərdə dəhşətli yanğınlarla mübarizə aparan azərbaycanlı qardaşlarını unutmayıb. Yanğınları söndürmək üçün gecələrini gündüzlərə qatan Azərbaycan yanğınsöndürənlərini yalqız buraxmayan Qızılay könüllüləri can qardaşlarına yaxından kömək göstərir. Bir udum sərin su təşnəsində olan yanğınsöndürənlərə su paylayır, onları isti yeməklə təmin edirlər. Türk Qızılayı yanğın fəlakətinin ilk günündən yanğınzədə vətəndaşların yanındadır.

1993-cü ilin yayında Ermənistan öz havadarlarının köməyi ilə Ağdam rayonunu işğal edəndən sonra didərgin əhalinin böyük əksəriyyəti Bərdə rayonuna pənah gətirdi. Hər şeylərini itirən bu insanların vəziyyəti olduqca ağır və dözülməz idi. Sözün əsl mənasında, burada humanitar fəlakət yaşanırdı. üzü qışa doğru bu adamları xilas etmək lazım idi. Xalqımızın haqlı tələbi ilə yenidən hakimiyyətə qayıdan ümümmilli lider Heydər Əliyev qısa bir vaxtda məcburi köçkünlərə sahib çıxdı.

Həmin vaxt Bərdə rayonu ərazisində Türk Qızılayı böyük bir çadır düşərgəsi saldı. Burada qısa müddət ərzində adamların ilkin ehtiyacları ödənildi, məktəb, tibb məntəqəsi və digər sosial məntəqələr yaradıldı. Həmin çadırlar insanlara ümid və həyat bəxş elədi. Məcburi köçkünlüyün ilk qışı qardaşlarımızın qəlb hərarəti ilə keçdi. Türk qardaşlarımız həyatın zərbələrinə tuş gəlmiş azərbaycanlı qardaşlarından öz köməyini əsirgəmədi. Candan, dildən, ürəkdən çalışaraq adamların hayına çatdılar. Sevincli və kədərli günləri birgə yaşadıq.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hücumlarını dəf etmək üçün Azərbaycan ordusu əks hücum əməliyyatlarına başladı. Şiddətli döyüşlər getdi, qəhrəman əsgər və zabitlərimiz düşmənə sarsıdıcı zərbələr vurdu. Döyüşlərdə uduzan düşmən Azərbaycanın dinc yaşayış məntəqələrini bombalamağa başladı. Xain düşmən dinc insanları hədəfə alsa da onları nə qorxuda bildi, nədə ki, inamlarını qırmağa gücü çatmadı. Müharibə şanlı Qələbəmizlə başa çatıb. Müharibə yaraları hələ sağalmayıb. Ermənistanın hərbi cinayəti nəticəsində 92 nəfər dinc azərbaycanlı həlak olub, 404 nəfər isə yaralanıb. Ermənistanın raket zərbələri nəticəsində 2min 971 ev, 100 ictimai bina və 502 digər tikili zərər çəkib. Həmin ağır günlərdə Türk Qızılayı yenə də müharibədən zərər çəkən insanların yanındaydı.

Ulu öndər Heydər Əliyev bu qardaşlığı nə qədər dəqiq ifadə edib: bir millət, iki dövlət. Bu sarsılmaz birliyi pozmaq mümkün olmayacaq. İnanırıq ki, Türkiyənin başı üzərindən bu yanğın fəlakəti yox olacaq, yeni günlər gələcək, itirdiklərimizi birlikdə bərpa edəcəyik.

Salman ALIOĞLU,

“Respublika”.