Sevinc İsmayılova: On yaşımda atamın əlindən tutub tərk etdiyim Ağalıya qayıtmağın sevincini yaşayıram
MÜSAHİBƏLƏR

Sevinc İsmayılova: On yaşımda atamın əlindən tutub tərk etdiyim Ağalıya qayıtmağın sevincini yaşayıram

Biz buradan çıxanda 10 yaşım vardı. Necə şəraitdə çıxdığımızı, Arazı hansı halda keçdiyimizi buraya gələrkən yolda uşaqlarımıza danışırdım.

AZƏRTAC xəbər verir ki, bu sözləri işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışın ilk iştirakçılarından olan Ağalı kənd sakini Sevinc İsmayılova deyib.

Azərbaycan dövlətinin məcburi köçkünlərin məskunlaşdırılması ilə bağlı proqramı əsasında yenidən tikilmiş Ağalı kəndinə qayıdan Sevinc İsmayılova təəssüratını belə ifadə edib: "Burada gözəl, hər bir şəraiti olan evlə təmin edilmişik. Prezidentimizə, qazilərimizə, əsgərlərimizə minnətdarıq, şəhidlərimizə Allahdan rəhmət diləyirik. Məhz onların sayəsində azad edilən torpaqlarımıza bu gün döndük. Bu günün həsrətini çox çəkmişik, hər zaman buranı xatırlayırdıq. Şükürlər olsun ki, qayıtdıq".

Doğma yurda qayıdacağına hər zaman inandığını deyən Sevinc İsmayılova yolboyu gələrkən buraların vəziyyətini gözünün önündə canlandırdığını bildirib. Yaşadığı xoş hisslərlə yanaşı, itirdiklərini də unuda bilməyəcəyəni deyib: "Buradan atamın əlindən tutaraq çıxmışdım, təəssüf ki, indi onsuz qayıtdım. Atam Vətən həsrəti ilə bu dünyadan köçdü, torpaqlarımızın azad edilməsini görmək ona qismət olmadı. Kaş ki, buraya atamla qayıdardım".

Sevinc İsmayılova onunla təsəlli tapır ki, indi buralara ailəsi, uşaqları ilə birlikdə qayıdıb və belə gözəl şəraitdə yaşayıb yaradacaq. "Bu, təkcə zəngilanlıların deyil, bütün Azərbaycanın sevincidir. Biz torpağımıza sahib çıxdığımız kimi, Vətənin nə demək olduğunu övladlarımıza aşılamalı, onların qəlbində Vətən sevgisini daha da böyütməliyik", - deyə o əlavə edib.

AZƏRTAC