Səudiyyə Ərəbistanının Baş Prokurorluğu ilə əməkdaşlıq əlaqələri uğurla davam etdirilir
Siyasət

Səudiyyə Ərəbistanının Baş Prokurorluğu ilə əməkdaşlıq əlaqələri uğurla davam etdirilir

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Rusiyaya işgüzar səfəri çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Səud Abdulla Əlşərif ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Kamran Əliyev dövlətlərimiz arasında bütün sahələrdə münasibətlərin ən yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayaraq, bu sahədə Prezident İlham Əliyevin və Kral Salman bin Əbdüləziz Əl Səudun misilsiz xidmətlərini qeyd edib.

Baş prokuror Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə dəstəyinə görə təşəkkürünü bildirib.

Krallığın Baş prokuroru ölkəmizi şanlı Qələbə münasibətilə təbrik edərək, Azərbaycanın ərazi bütövlüyünün bərpasını bütövlükdə müsəlman dünyası üçün əhəmiyyətini vurğulayıb.

Görüşdə ikitərəfli maraq kəsb edən bir sıra məsələlər müzakirə edilib, əlaqələrin perspektivlərinə, o cümlədən prokurorluqlarımız arasında əməkdaşlıq sənədinin imzalanmasına dair fikir mübadiləsi aparılıb.

AZƏRTAC