Şərti yanğın təlimi keçirib
Digər xəbərlər

Şərti yanğın təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə, 15 ünvanında yerləşən “Belıy Lebed” MTK-ya məxsus çoxmərtəbəli yaşayış kompleksində təlim keçirib. Bu barədə 6 iyun FHN-nin mətbuat xidmətindən bildirilir.

Təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib. Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi və süni maneə səbəbindən yanğın avtomobillərinin yaşayış binasına və istismara yararlı yanğına qarşı su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub. Qəza-işıqlandırma sisteminin olmadığı, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi və yanğın xəbərverici siqnalizasiya qurğusunun tam sahəyə quraşdırılmadığı müəyyən edilib.

Qeyd olunan nöqsanların aradan qaldırılması barədə binanın yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı “tapşırıqlar” verilib, eyni zamanda yaşayış binasının sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb.

“Respublika”.