ŞƏRQŞÜNASLIQ ELMİNİN TƏDQİQATÇISI
Sosial həyat

ŞƏRQŞÜNASLIQ ELMİNİN TƏDQİQATÇISI

"Öz yağı ilə qovrulan dahi yoxdur. Dahi bütün intibahları mənimsəyən və onlardan istifadə etməyi bilən, qarşısına çıxan dəyərlər toplusunu sistemləşdirən, canlandıran, kimindən tunc, kimindən mərmər alıb bu həmmadələrlə əbədi bir abidə quran insandır. Mən nə yaratdımsa, nə gördümsə, nə duydumsa, nə eşitdimsə bir araya gətirdim, həm təbiətin əsərlərindən faydalandım, həm insanlardan".

Yohann Volfqanq Höte.

Bu sözlər hörmətli həmkarımız Tərlan Quliyevə necə də yaraşır! O da "qarşısına çıxan dəyərlər toplusunu sistemləşdirən", həm də insanların və təbiətin yaratdığı əsərlərdən faydalanan böyük alimdir. Biz fəxr edirik ki, belə gözəl alimlə hər gün rastlaşır, məsləhət alır, çətin problemlərimizi həll edirik. O, olduqca fəal, dinamik və emosional təbiətli insandır. Onun hər il sanballı monoqrafiyaları, kitabları, elmi məqalələri çap olunur və hamını heyran edir. Televiziya tamaşaçıları onu yaxşı tanıyır və aparıcısı olduğu verilişləri səbirsizliklə gözləyirlər.

Professor Tərlan Aslan oğlu Quliyev 1979-cu ildə Bakı Dövlət Universitetini əla qiymətlərlə bitirib. Filologiya üzrə əvvəlcə namizədlik, sonra doktorluq dissertasiyasını uğurla müdafiə edib. 

Bakı Musiqi Akademiyasında 1994-cü ildən işləyir. Elmi Şurada 2008-ci ildə Dillər kafedrasının müdiri seçilir. Yaxşı yadımdadır, o zaman Elmi Şurada çıxış edənlər Tərlan müəllimin yüksək peşəkarlığını və insanlığını qeyd edirdilər. Elə o gündən başlayaraq bir müdir kimi, həddindən artıq çalışır ki, əməkdaşlarını dərs yükü ilə təmin etsin. Hansısa bir problemin, təhsillə bağlı məsələnin Elmi Şurada müzakirəsi zamanı Tərlan müəllim öz münasibətini bildirir, həmişə maraqlı, dəyərli fikirlər söyləyir, təkliflər verir.

Tərlan müəllimin elmi və pedaqoji fəaliyyəti bir vəhdət təşkil edir. Onun elmi əsərlərindən biz musiqişünaslar geniş istifadə edirik. "Əruzun təcrübi məsələləri" adlı dəyərli, yüksək bədii zövq ilə yazılan dərs vəsaitini oxuyandan sonra mən tam şəkildə əruzun bütün incəliklərini başa düşdüm. İlk dəfə olaraq T.Quliyev kitabda aydın və anlaşıqlı dildə yazır: "... Kitabda azərbaycandilli əruzvəznli şeirin heca quruluşunu nümayiş etdirən fonetik prinsip öz əksini tapır. Bu fonetik prinsipi öyrənən hər bir kəs hər hansı bir şeirin vəznini asanlıqla təyin edərək, nəticə etibarilə onu düzgün oxuyub ifadə edə bilər".

Etiraf etməliyəm ki, Xəlil ibn Əhməd haqqında ətraflı məlumatı da məhz Tərlan Quliyevin kitabında oxumuşam. O, qeyd edir ki, Xəlil ibn Əhməd "Şərq elmi-nəzəri fikrində musiqi və ritm məsələlərinə ilk dəfə toxunan böyük ərəb filoloqu, əruz elminin yaradıcısıdır".

Ümumiyyətlə, kitabın  konstruksiyası xüsusi diqqət çəkir. Əruzun yarandığı dövrdən bu günə kimi tarixi inkişaf yolu və dinamikası böyük ustalıqla, həvəslə və ən əsası Azərbaycan dilinə xüsusi məhəbbətlə əks olunur.

T.Quliyev həm tənqidin - ədəbiyyatımızın, eləcə də incəsənətimizin də parlaq rəmzidir. Dövrün estetik iqlimini, ədəbiyyatda və incəsənətdə mövcud olan tendensiya və təmayüllərini öyrənmək baxımından onun monoqrafiyaları, dərslikləri, məqalələri mühüm əhəmiyyət kəsb edir. "Anadilli əruzvəznli şeirimizin poetik inkişaf yolu", "Dədə Qorqud kitabı: bir müqəddimə, üç boy...", "Azərbaycan ədəbiyyatı tarixi və ədəbiyyat nəzəriyyəsi" (proqram) kitabları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Onun 2018-ci ildə çap olunan "Dədə Qorqud kitabı Vatikan nüsxəsi" kitabının Bakı Musiqi Akademiyasında müzakirəsi keçirilib. Çıxış edənlər kitabı yüksək qiymətləndiriblər.

Tərlan müəllim kafedra müdiri kimi tez-tez elmi konfranslar keçirir. O, musiqişünasların təşkil etdiyi konfranslara həmişə tələbələri də cəlb edir. Onun kafedrasında işgüzar, bacarıqlı müəllimlər çoxdur və onlar da həvəslə bizim "Tələbə Elmi Cəmiyyəti"nə kömək edirlər.

Musiqini çox sevir və Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən maraqlı tədbirlərin iştirakçısı olur. Bəstəkarlarımızın yeni əsərləri filarmoniyada və yaxud Opera və Balet Teatrında səslənəndə o, mütləq iştirak edir.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Tərlan Quliyevi dövlətimizin başçısı İlham Əliyev  "Tərəqqi" medalı ilə təltif etmişdir.

Bu məqaləni hazırlayarkən həmkarlarının da fikirlərini öyrəndik. Musiqi tarixi kafedrasının müdiri, professor, Əməkdar müəllim Ülviyyə İmanova: "Tərlan müəllim ən yüksək səviyyəli mütəxəssisdir, qayğıkeş və mehriban insandır, işçiləri onu çox istəyirlər. Millətini sevən, ana dilini qoruyan şəxsiyyətdir. Ondan yeni kitablar gözləyirik".

Professor, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq namizədi Mehriban Əhmədova: "Tərlan müəllimin "Əruzun təcrübi məsələləri" adlı kitabı qəzəl, əruz haqqında sanballı elmi əsərdir. Həmin kitabdan Nəsiminin qəzəllərini seçdim. İki romans üzərində işləyirəm, istəyirəm Tərlan müəllimin yubiley gecəsində səslənsin".

İmruz ƏFƏNDİYEVA,

Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Sənətşünaslıq üzrə

elmlər doktoru, professor.