Şərqi Zəngəzurda ekoloji terrora son qoyulmalıdır
Digər xəbərlər

 Şərqi Zəngəzurda ekoloji terrora son qoyulmalıdır

2022-ci il dekabr ayının 12-dən etibarən Laçın-Xankəndi yolunun Şuşa şəhəri ərazisində ekofəallar, QHT nümayəndələri, idman cəmiyyətləri və könüllülərin iştirakı ilə  başlayan aksiya artıq 95 gündür ki, davam edir. Hər gün olduğu kimi, iştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər. Aksiyanın keçirilməsinə səbəb həmin il dekabrın 3-də və 7-də İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi səbəbindən monitorinq baş tutmamışdı. Bundan sonra əraziyə toplaşan ekoloji fəallar təbii sərvətlərin talan edilməsinə son qoyulması tələblərini bildirən şüarlar səsləndirməyə başlayıblar. Aksiya iştirakçıları: "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ən böyük əsgər, bizim əsgər!", "Qarabağ Azərbaycandır!", "Azərbaycan oyaqdır, sərvətinə sahibdir!" və s. kimi şüarları səsləndiriblər. Aksiyaların başladığı ilk gündən etibarən dəhlizin humanitar məqsədlər üçün istifadəsinə heç bir maneçilik göstərilməyib. Erməni məkri azərbaycanlıların keçirdiyi bu dinc aksiyada da özünü göstərmişdi. “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarını qanunsuz istismar edən ermənilərin bu azmış kimi hələ Azərbaycan tərəfini də məhkəməyə verməsinə baxmayaraq, fevralın 22-də Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən onların iddiası rədd edilmişdi. Sülhməramlı kontingentin 10 noyabr Bəyanatından sonra bu ərazilərə gəlməsindən ürəklənən separatçılar Şərqi Zəngəzurda fəaliyyət göstərən humanitar yoldan sui-istifadə edərək həm Azərbaycanın sərvətlərini talan edir, həm də qanunsuz olaraq silahlanırdılar. Azərbaycana qarşı daima qeyri-obyektiv qərarlar qəbul edən Avropa Parlamenti bu günlərdə yenidən anti-Azərbaycan yönümlü qətnamə qəbul etməyə hazırlaşır. Avropa parlamentarilərinin bu məsələyə yanaşması birmənalı olaraq ermənipərəst mövqeyini əks etdirir. Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının dinc aksiyaya başladığı gündən Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç  Komitəsinin minlərlə avtomobilləri hər iki istiqamətdə hərəkət edib.

Musa BAĞIRLI,

“Respublika”.