Şərqi Zəngəzur: Alternativ və bərpaolunan enerji mənbələri
Siyasət

Şərqi Zəngəzur: Alternativ və bərpaolunan enerji mənbələri

Qarşıdurmalar, müharibələr, pandemiya, dini-irqi ayrı-seçkilik, təbii fəlakətlər, qlobal iqlim dəyişikliyi, aclıq və qıtlıq, imperiya hərisliyi, su və enerji ehtiyatlarının azalması dünyanı çox ciddi şəkildə təhdid edir.

Belə ziddiyyətli bir zəmanədə tarixin gedişatını dəyişən, erməni işğalına və təcavüzünə son qoyan İkinci Qarabağ müharibəsində əldə edilən şanlı Qələbə Azərbaycanın hərbi və siyasi mövqeyini daha da möhkəmləndirdi, iqtisadi gücünü nümayiş etdirdi, qəhrəman Silahlı Qüvvələrimiz isə dünyanın 50 ən güclü ordusu sırasında yer tutdu. Dövlətimizin başçısı cənab İlham Əliyevin müdrik siyasəti, həyata keçirdiyi qabaqlayıcı tədbirlər, qəti mövqeyi və sarsılmaz iradəsi dünyanın bir parçası olan Azərbaycanı istənilən təhlükədən mühafizə edir, güclü və dinamik dövlətçilik ənənələri yaradılır. Ermənistanın işğalı nəticəsində öz doğma yurd yerlərini tərk edən bir milyona yaxın keçmiş məcburi köçkünün 30 il ərzində sosial problemlərinin həll edilməsi, onlara rahat həyat şəraitinin qurulması, yeni şəhərciklərin salınması həmişə dövlətimizin diqqət mərkəzində olub. Hazırda isə işğaldan azad edilən ərazilərdə çox böyük və genişmiqyaslı infrastruktur layihələr icra edilir, "ağıllı kənd"lər və şəhərlər qurulur, hava limanları inşa edilir, məktəblər, xəstəxanalar, yaşayış binaları tikilir, bir sözlə, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə ləyaqətli qayıdışı üçün dövlət tərəfindən bütün zəruri tədbirlər görülür. Ermənistan tərəfindən dağıdılan və viran edilən torpaqlarda sürətli quruculuq işlərinin aparılması nəticəsində Böyük Qayıdış başlanıb, Zəngilan rayonunun Ağalı kənd sakinləri müasir və yeni texnologiyalarla təchiz edilən evlərə köçüb rahat həyat şəraitinə qovuşublar.

Gələcək naminə icra olunan layihələr içərisində alternativ və bərpa edilən enerji mənbələrindən istifadə mühüm yer tutur. Qeyd edək ki, dünyada ənənəvi enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ (bərpaolunan) enerji mənbələrindən (Günəş və külək enerjisi, kiçik SES-lər, termal sular, biokütlə enerjisi) geniş istifadə olunur. Yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da ekoloji cəhətdən təmiz alternativ (bərpaolunan) enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Məhz buna görə də ölkəmizdə bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə "Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın qəbul edilməsi olub. Dövlət Proqramının qəbulu bərpaolunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaradıb. Dövlət Proqramının məqsədi və əsas vəzifələri ölkənin təbii potensialından istifadə etməklə bərpaolunan və ekoloji cəhətdən təmiz mənbələrdən enerji istehsalını genişləndirməkdən və karbohidrogen enerji resurslarından daha səmərəli istifadə edilməsini təmin etməkdən ibarətdir. Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir. Ancaq onu da bilməliyik ki, ölkə sürətlə inkişaf edir. Keçən ilin yekunlarına görə, bizim neft və qazla bağlı olmayan, yəni qeyri-neft sənayemiz təxminən 20 faiz artıb. Ölkə əhalisi artır, tələbat artır. Ona görə təbii ki, biz yeni enerji növlərinin istehsalı ilə ciddi məşğul olmalıyıq. Bərpaolunan enerji növlərinin istehsalı enerji sahəsində bizim gündəliyimizdə duran ən başlıca vəzifələrdən biridir.

1990-cı illərdə xaricdən elektrik enerjisi alan Azərbaycan bu gün artıq dörd ölkəyə elektrik enerjisi ixrac edən ölkə kimi tanınır. Qarabağ və Şərqi Zəngəzurun enerji potensialı isə ölkəmizdə enerji istehsalını bir neçə dəfə artıracaq. Bərpaolunan enerji növlərinin inkişafı da həmin məqsədə yönəldilib.

Bu istiqamətdə böyük planlar tərtib olunub və genişmiqyaslı işlər görülür. Bu baxımdan Qarabağda və Şərqi Zəngəzurda böyük potensial mövcuddur. Belə ki, mütəxəssislərin qənaətinə görə, günəş enerjisi əsasən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik sürəti 7-8 m/s təşkil edir ki, bu da külək enerjisinin istehsalı baxımından çox əlverişlidir. Azərbaycanda yerli su ehtiyatlarının 25 faizinin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı daha əlverişli sayılır.

"AzərEnerji"dən verilən məlumatda bildirilir ki, Kəlbəcərdə 5 yerdə tikilən kiçik su elektrik stansiyalarında, o cümlədən Laçında iki yerdə tikilən 110 kilovoltluq yarımstansiyalarda işlər başa çatmaq üzrədir. İndiyədək işğaldan azad edilmiş ərazilərdə 11 su elektrik stansiyası inşa edilib və onların generasiya gücü 55 meqavata yaxındır. Yeri gəlmişkən qeyd edək ki, bu ilin sonuna qədər Laçın şəhərinə, Zabux və Sus kəndlərinə 200-dən çox ailənin qayıdacağı nəzərdə tutulub. Bu il həmçinin azad edilmiş ərazilərdə yenidənqurma işlərinin bütün regionu əhatə edəcəyini nəzərə alsaq enerjiyə tələbatın artacağı istisna deyil. 100-ə yaxın yaşayış məskəni yenidən qurulacaq. Buna görə də işğaldan azad edilən ərazilərdə hazırda 7 stansiyanın inşası gedir və bütövlükdə regionda 50-yə yaxın su elektrik stansiyası yaradılacaq. Cəbrayılda isə Günəş Elektrik Stansiyasının tikintisinə başlanılacaq. 100-ə yaxın yaşayış məskəni yenidən qurulacaq. Qeyd edilib ki, 2022-ci ilin 26 may tarixində isə Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji layihəsi çərçivəsində 330 kV-luq "Cəbrayıl" Enerji Qovşağının təməli qoyulub. Bundan başqa, Cəbrayıl rayonu ərazisində - Araz çayı üzərində yerləşən "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı işlər başa çatdırılır.

Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur "Yaşıl Enerji Zonası" elan edilib, təbii ki, bu da qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpaolunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqe ifadə edərək deyib ki, azad edilmiş ərazilər yaşıl enerji zonası olacaq. Əminəm ki, Azərbaycan transformasiyanın nadir təcrübəsini nümayiş etdirərək, Lüksemburqun ərazisindən dörd dəfə böyük olan dağıdılmış ərazini yüksək yaşayış standartlarına malik məkana çevirəcək. İlk belə nümunə Zəngilan rayonunun Ağalı kəndində yaradılıb, əhali Günəş enerjisindən istifadə edir, "ağıllı kənd" yeni dövrün başlanığıcı hesab olunur.

Məlum olduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin müəyyən etdiyi müasir inkişaf strategiyasında Qarabağın "yaşıl enerji" zonasına çevrilməsi mühüm yer tutur. Ötən il mayın 3-də Prezident "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

İlkin müşahidələr göstərir ki, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur və bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilir. Eyni zamanda ilkin araşdırmalara əsasən, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olması müəyyən edilib. Bununla yanaşı, Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı mövcuddur. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi əhəmiyyət verilir. Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20.2 MVt gücündə 4 su elektrik stansiyası - "Güləbird" SES, "Suqovuşan-1" KSES, "Suqovuşan-2" KSES , "Kəlbəcər-1" KSES artıq istismara verilib. Qarabağın və Şərqi Zəngəzurun böyük enerji potensialı imkan verəcək ki, Azərbaycan dünyanın ən etibarlı enerji istehsalçısı kimi öz mövqeyini daha da möhkəmləndirsin.

Salman ALIOĞLU,

"Respublika".