Şərqdə ilk demokratik respublika dövlətçiliyimiz tarixində dərin iz qoydu
Tarix

Şərqdə ilk demokratik respublika dövlətçiliyimiz tarixində dərin iz qoydu

1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Müvəqqəti hökumət isə uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında baş verən çevriliş nəticəsində müvəqqəti hökumət hakimiyyətdən getdi. Ona görə də Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Rusiyaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflis şəhərində Azərbaycan, Gürcüstan, Ermənistan və Qafqazın digər xalqlarından olan nümayəndələrin iştirakı ilə Cənubi Qafqazın ali hakimiyyət orqanı - Zaqafqaziya Seymini qurdular. Seymdə müsəlman fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Zaqafqaziya Seyminin aparıcı və fəal üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Seym Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin kəskin milli mənafe ziddiyyətləri Zaqafqaziya Seyminin və Zaqafqaziya Cümhuriyyətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə, 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

1918-ci il mayın 27-də Seymdəki Azərbaycan fraksiyası iclas keçirərək Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldi. İclasda Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Həsən bəy Ağayev və Mir Hidayət Seyidov isə sədrin müavinləri seçildilər. 1918-ci il mayın 28-də Tiflisdə, Qafqaz canişininin iqamətgahında tarixi iclas keçirildi. Məhəmməd Əmin Rəsulzadə Batumda Osmanlı dövləti ilə danışıqlar apardığından iclasda iştirak edə bilmədiyi üçün onun yerinə iclasa sədr müavini Həsən bəy Ağayev sədrlik etmişdi. Milli Şura 24 nəfər lehinə, 2 nəfər isə bitərəf qalmaqla mayın 28-də Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsini qəbul edərək Azərbaycanın müstəqilliyini rəsmi olaraq elan etdi. Bəyannamənin qəbul olunması ilə Azərbaycan xalqının ilk dəfə Cümhuriyyət yaratması da dünyaya bəyan edildi. Milli Şuranın həmin iclasında həm də AXS-nin birinci hökuməti quruldu.

Tiflisdə istiqlalını elan edən AXC hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. Çünki Gəncədə vəziyyət nisbətən sabit idi. Beləliklə də, Gəncə şəhəri Cümhuriyyətin müvəqqəti paytaxtı elan edildi. İyunun 17-də Gəncədə Fətəli xan Xoyskinin rəhbərliyi ilə ikinci hökumət quruldu. Amma Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti hökuməti iyunun 10-da yeni qurulan Xalq Cümhuriyyətini devirmək üçün Gəncə istiqamətinə ordu göndərdi. Əsas hissəsi ermənilərdən təşkil edilən bu ordu keçdiyi hər yerdə Azərbaycan əhalisinə divan tutur, soyğun, qarət və qətl törədirdi. İyunun 12-də Kürdəmiri işğal edən Bakı Sovetinin ordusu Göyçaya doğru irəliləməyə çalışarkən Qafqaz İslam Ordusunun müqaviməti ilə qarşılaşdı. İki həftə davam edən qanlı döyüşdə Bakı Soveti ordusu məğlub oldu və ağır itki verərək müqavimət gücünü itirdi. Bu, müharibənin dönüş nöqtəsi idi. İyunun 20-də strateji bölgə olan Şamaxı azad edildi. Ard-arda məğlubiyyət Bakı Soveti hökumətinin sonu oldu. Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti istefa verdi. Sentyabrın 15-də Qafqaz İslam Ordusu həlledici hücumla Bakını azad etdi. Bu, Cümhuriyyətin yaranmasından sonra xalqımızın tarixində ikinci mühüm hadisə idi. Sentyabrın 16-da şəhərdə Bakının azad olunması münasibətilə hərbi parad keçirildi. Növbəti gün isə Azərbaycan hökuməti müvəqqəti paytaxt olan Gəncədən Bakıya köçdü və Bakı Cümhuriyyətin yeni paytaxtı elan edildi. Xalq Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa etdi. Noyabrın 19-da Azərbaycanda ali hakimiyyət orqanı kimi 120 nəfərdən ibarət Azərbaycan Cümhuriyyəti Parlamentinin yaradılması haqqında qanun qəbul olundu. Milli Şura həmin il dekabrın 3-də Müəssislər Məclisinin geniş tərkibli Azərbaycan Parlamentinin çağırılması haqqında qanunu qəbul edərək Milli Şura və onun rəhbərinin seçkilərə qədər səlahiyyətli olmaq şərti ilə fəaliyyətlərini davam etdirmə qərarı aldı.

1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin keçmiş qızlar məktəbinin binasında Azərbaycan Cümhuriyyəti Parlamentinin təntənəli mərasimlə açılışı oldu. Fəaliyyəti dövründə Parlamentin cəmi 145 iclası baş tutdu. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarıldı, onlardan 230-a yaxını qəbul edildi. Hökumət tərəfindən 24 iyun 1918-ci ildə əvvəlcə, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi. Daha sonra 9 noyabr 1918-ci ildə isə həmin bayraq üç rəngli - mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan bayraqla əvəz olundu. Hökumətin aldığı qərar ilə Azərbaycan qadını dövlət idarəçiliyinə cəlb edildi. 27 iyun 1918-ci ildə Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında qanun imzalandı. Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan hökuməti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və ordu quruculuğu məsələlərinə yönəltdi. 26 iyun 1918-ci ildə Azərbaycan ordusunun yaradılması haqqında qanun qəbul olundu.

Amma bu dəfə də şimaldan əsən xəzri Azərbaycanı sonu görünməyən fəlakətlər girdabına düçar etdi. AXC-nin uğurlarından narahat olan Sovet hökuməti Cümhuriyyəti məhv etmək planını həyata keçirmək üçün Azərbaycandakı daşnak və bolşevikləri aktivləşdirdi. Məhz Moskvanın təhriki ilə daşnaklar və bolşeviklər 1920-ci il martın sonunda Qarabağ və Gəncəbasarda qiyam qaldırdılar. Bolşevik planının bir hissəsi olan bu qiyamların qarşısını almaq məqsədilə Azərbaycan hökuməti özünün əsas qüvvələrini qiyamçılara qarşı göndərməli oldu ki, bununla da XI qırmızı ordunun bilavasitə hücumu ərəfəsində Azərbaycanın şimal sərhədləri, demək olar ki, müdafiəsiz qaldı. Digər tərəfdən bolşeviklər daşnak qiyamından istifadə edərək ölkənin daxilində Azərbaycan hökumətinə qarşı düşmənçilik təbliğatını daha da gücləndirdi.  1920-ci ilin aprelində Denikin qoşunlarını məğlub edən XI qırmızı ordu hissələri Azərbaycan sərhədlərinə çıxdılar. Aprelin 27-də XI qırmızı ordu hissələri Azərbaycan ərazisinə daxil olub Bakıya doğru irəliləməyə başladılar. Yalamadakı az sayda olan ordu bölmələri qəhrəmanlıq nümayiş etdirməsinə baxmayaraq, bolşeviklərə uzun müddət müqavimət göstərə bilmədi. Aprelin 27-də Azərbaycan bolşevikləri Cümhuriyyət hökumətinə hakimiyyəti təhvil vermək haqqında ultimatum verdi. Ultimatumu özünü "Sovet Azərbaycanının Qırmızı Donanmasının komandanı, mühəndis" kimi təqdim edən Çingiz İldırım imzalamışdı: "Tələb edirik ki, hakimiyyəti dərhal yoldaş Nərimanovun başçılıq etdiyi Sovet Fəhlə-Kəndli Hökumətinə təhvil verəsiniz. Bu halda Qırmızı Donanma milliyyətindən asılı olmayaraq, Bakı şəhərinin bütün əhalisinə sülh və sakitlik təminatı verir. Cavab iki saat ərzində göndərilməlidir. Əks halda, atəş açılacaq".

Cümhuriyyət Parlamentinin həmin gün saat 20:45-də başlayan iclası 3 saat davam etdi. İclasda çıxış edən Məhəmməd Əmin Rəsulzadə XI qızıl ordunun Anadoluya yardıma getmədiyini və Azərbaycanı işğal etməyə gəldiyini bildirsə də, müzakirələrdən sonra hakimiyyətin Azərbaycan bolşeviklərinə təhvil verilməsi barədə qərar çıxarıldı. Aprelin 27-dən 28-nə keçən gecə parlament hakimiyyəti Müvəqqəti İnqilab Komitəsinə təhvil verdi. Beləliklə Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyətdən sonra süqut etdi. 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan olundu. Həm ultimatumda, həm də digər danışıqlarda milli hökumət üzvlərinin təhlükəsizliyinə təminat verilsə də, bu vədlərə əməl edilmədi, AXC hökumətinin üzvlərinə qarşı repressiyalar, "qırmızı terror" başladı. Qırmızı terrorun ilk qurbanı Bakının general-qubernatoru Murad Gəray Tlexas başqalarına ibrət olsun deyə, qəfəsin içində Bakının küçələrini də gəzdirilərək qondarma hərbi bolşevik trubunalının qərarı ilə güllələndi. Ardınca muzdlu qatillər tərəfindən milli hökumətin baş nazirləri olmuş Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Azərbaycan parlamentinin sədr müavini Həsən bəy Ağayev və başqa yüzlərlə dəyərli soydaşımız qətlə yetirildi. Sənədlərdən məlum olur ki, təkcə 1920-ci il aprel ayının 28-dən 1921-ci il avqustuna qədər Azərbaycanda 48 min nəfər "qırmızı terrorun" qurbanı olub. Sonrakı illərdə də xalqımıza qarşı zorakılıqlar davam etdirildi. Azərbaycan ziyalılarının ən layiqli nümayəndələri - demokratik düşüncəyə sahib elm, ədəbiyyat, incəsənət xadimləri həbsə atıldı, sürgünlərə göndərildi, edamlara məhkum edildi. Bütöv bir xalqa qarşı zaman-zaman ağır repressiyalar törədildi.

Amma bolşeviklərə qarşı Gəncədə, Zaqatalada, Şəkidə, Naxçıvanda və digər bölgələrdə 150-yə yaxın baş vermiş üsyanlar bir daha sübut edir ki, Azərbaycan xalqı işğal rejimi ilə barışmamış, müstəqillik uğrunda mübarizəsini davam etdirmişdir. Üstəlik, AXC də 23 aylıq fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoydu. Siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından heç də geri qalmırdı. Müasir Azərbaycan Respublikası da məhz 1918-ci il mayın 28-dən 1920-ci aprelin 28-dək mövcud olan AXC-nin hüquqi, siyasi və mənəvi varisidir.

Jalə QASIMZADƏ,

“Respublika”.