Sərhəd naryadına silahlı müqavimət göstərən narkotik vasitə qaçaqmalçısı saxlanılıb
Digər xəbərlər

Sərhəd naryadına silahlı müqavimət göstərən narkotik vasitə qaçaqmalçısı saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə istiqamətində tədbirləri davam etdirir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, fevralın 21-də saat 01:05 radələrində DSX Sahil Mühafizəsinin Cənub regional şöbəsinin "Kələdəhnə" sahil nəzarəti bölməsinin xidməti ərazisində Şahağacı kəndinin cənubunda sahildən təqribən 40 metr məsafədə içərisində iki nəfərin olduğu "Mitsubishi "Pajero" markalı "10-RS-565" dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, nəqliyyat vasitəsindəki şəxslərdən birinin özünü şübhəli aparması və ətrafı müşahidə edərək kolluqda gizlədilmiş bir kisəni götürməsi sərhəd naryadının diqqətini cəlb edib.

Sərhəd naryadının "Dayan" əmrinə tabe olmayan şübhəli şəxslər ərazidən kisəni götürüb avtomobillə hadisə yerindən uzaqlaşmağa cəhd göstərərkən saxlanılıblar.

Onların Astara rayon sakinləri 1978-ci il təvəllüdlü Ağayev Qurban Fərhad oğlu və Ağayeva Gülşən Vaqif qızı olmaları müəyyənləşdirilib. Narkotik vasitədən istifadəyə görə əvvəllər də məhkum olunmuş Q.Ağayev saxlanılma zamanı silahlı müqavimət göstərib. O, üzərində olan "BLOW-TR-14" markalı travmatik tapançadan bir necə dəfə atəş açaraq sərhəd naryadının iki üzvünə yüngül xəsarət yetirib. Ərazidə xidmət aparan naryad tərəfindən havaya xəbərdarlıq atəşi açıldıqdan sonra dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilib, hərbi qulluqçular şücaət və yüksək peşəkarlıq göstərərək cinayətkarı saxlayıblar.

Hadisə yerindən götürülmüş kisəyə baxış keçirilərkən içərisindən ümumilikdə 16 kiloqram 965 qram narkotik vasitə (4 kiloqram 85 qram marixuana, 9 kiloqram 920 qram tiryək, 2 kiloqram 90 qram metamfetamin və 870 qram heroin) aşkarlanaraq götürülüb.

Q.Ağayevin dəfələrlə məhkum olunmasını və yaşadığı ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanınmasını nəzərə alaraq, onunla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilib. Astara Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə həmin şəxsin yaşadığı evə baxış keçirilib. Onun qarajında rəflərin arasında gizlədilmiş bir kisənin içərisindən 1 kiloqram 100 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AZƏRTAC