SƏRHƏD KƏNDLƏRİNDƏ UŞAQLARIN PROBLEMİ DƏ HƏLL OLUNMALIDIR
Region

SƏRHƏD KƏNDLƏRİNDƏ UŞAQLARIN PROBLEMİ DƏ HƏLL OLUNMALIDIR

Prezident İlham Əliyevin imzaladığı "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası respublikanın hər yerində olduğu kimi, Tovuz rayonunda da uğurla davam etdirilir. Rayonun digər yaşayış məntəqələri ilə yanaşı, sərhəd kəndlərində də normal yaşayışın təmin olunması istiqamətində son dövrlərdə həyata keçirilən layihələr sakinlərin sevincinə səbəb olur.

Ağdam kəndi Ermənistanla sərhəddə ən yaxın məsafədə yerləşir. Hava xətti ilə 500 metrdən də az məsafə təşkil edir. Dəfələrlə mənfur ermənilərin təxribat törətməsinə, atəşkəsi pozmasına baxmayaraq, ağdamlılar öz ata-baba torpaqlarının bir metrini də düşmənə təslim etməmişlər. 12 iyul 2020-ci il Tovuz hadisələri zamanı düşmənin Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinin puç olması kənd sakinlərinin dövlətimizə, ordumuza və Ali Baş Komandana inamını daha da artırıb. İndi kənd sakinləri öz gündəlik qayğıları ilə məşğul olurlar. Rayon mərkəzi ilə kəndi 13 kilometr yol birləşdirir ki, bu da sakinlərin gediş-gəlişini asanlaşdırır. Əhalinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və arıçılıqdır.

Kəndin 1422 sakini var. Ümumi ərazisi 1591 hektar, əkinəyararlı torpaq sahəsi isə 230 hektar təşkil edir. Ağdamın 32 hektar torpaq sahəsi, o cümlədən 22 hektar əkinəyararlı torpaq düşmənlə neytral zonada olduğundan istifadəsi mümkün deyil. Kənd mavi yanacaqla təmin olunmuşdur. Lakin elektrik enerjisi ilə təminatda problemlər yaşanmaqdadır. Belə ki, Ağdamda SİP kabelləşmə başa çatsa da, nədənsə hələ də köhnə, istismar müddətini başa vurmuş elektrik naqillərindən istifadə olunur ki, bu da tez-tez elektrik verilişində fasilələrin yaranmasına səbəb olur.

1990-cı illərdən başlayaraq əhalinin suvarma suyu, eləcə də içməli su ilə təminatında ciddi problemlər yaşanırdı. Səbəb isə mənfur ermənilərin kənd ərazisindən keçən çayın qarşısını kəsməkləri olmuşdur. Eyni zamanda son illərdə baş verən quraqlıq səbəbindən mövcud təbii bulaqların çoxu qurumuşdur. İnsanlar bütün bu illər ərzində içməli suyu avtomobillər və digər vasitələrlə uzaq məsafədən gətirmişlər. Artıq 2 aya yaxındır ki, Axıncaçay çayından kəndə suvarma ilə içməli su çəkilişinə start verilmişdir. Hazırda suyun süzülməsi üçün süzgəc qurulur. 1000 kubmetr sututumu olan su anbarının bünövrəsi qoyulub, yaxın günlərdə inşasına başlanacaqdır. Mənbədən nasos stansiyasına qədər olan 100 metr uzunluğunda beton kanalın çəkilişi başa çatmışdır. Layihə başa çatdıqdan sonra kəndin suvarma suyuna olan tələbatında mövcud problemlər aradan qaldırılacaqdır.

Əhalini içməli su ilə təmin etmək üçün 2 ədəd su anbarı tikiləcək. 300 kubmetr tutumu olan anbarın tikintisi hazırda davam etdirilir. 100 kubmetr anbarın inşasına isə yaxın günlərdə başlanacaq. Kəndin küçələrində ictimai bulaqların qurulması üçün paylayıcı xətlərin çəkilişi aparılır.

Kənddə 130 ədəd içməli su bulağının qurulması nəzərdə tutulmuşdur. Ağdam kəndinə içməli və suvarma suyunun verilməsi 2023-cü ilin yay aylarında baş tutacaq. Kənddə tibb məntəqəsi, kitabxana, folklor klubu, bir tam orta məktəb və uşaq bağçası mövcuddur.  Təəssüf hissi ilə bildirmək lazımdır ki, folklor klubu, məktəb və uşaq bağçası heç də günün tələblərinə cavab vermir. Tam orta məktəbin bəzi sinif otaqlarında döşəmə çökür, idman və akt zalları, fənn kabinələri yoxdur. Məktəbin həyətinə su gəlmir.

Körpə fidanların tərbiyə aldıqları uşaq bağçasında isə vəziyyət tamamilə dözülməzdir. Uşaq bağçasının binası 1985-ci ildə inşa olunmuş, bir dəfə də olsun təmir işləri aparılmamışdır. Qeyd etmək lazımdır ki, 2016-cı ildə bir neçə dəfə düşmənin atdığı mərmilər binanın yaxınlığına düşərək binaya ciddi zərər vurmuşdur. Uşaq bağçası bərbad vəziyyətdə olan bir yataq otağından, oyun otağından ibarətdir. Anbar olmadığından bəzi əşyalar yataq otağının bir tərəfinə yığılmışdır. Dam örtüyü tamamilə yararsız haldadır. Yağan yağışın çox hissəsi içəriyə tökülür. Əl-üz yumaq üçün nəzərdə tutulan dar otaqdan mətbəx kimi də istifadə olunur. Binada isti və soyuq su yoxdur. Həyətdə uşaqların əylənməsi üçün heç bir şərait mövcud deyil. Sanitar qovşaq günün tələblərinə qətiyyən cavab vermir. Qapı və pəncərələr bərbad gündədir. Ümid etmək olar ki, çox yaxın zamanlarda bütün çatışmazlıqlar aradan qaldırılacaq və  bu da körpə fidanların sevincinə səbəb olacaqdır.

Vəli VƏLİYEV,

"Respublika".