Sergey Lavrov: Nəqliyyat kommunikasiyalarının açılması Qarabağda vəziyyətin hərtərəfli sabitləşməsinə xidmət edəcək
Digər xəbərlər

Sergey Lavrov: Nəqliyyat kommunikasiyalarının açılması Qarabağda vəziyyətin hərtərəfli sabitləşməsinə xidmət edəcək

Rusiya əmindir ki, bölgədəki ölkələrin və qonşuların, o cümlədən Türkiyə və Rusiyanın iştirakı ilə nəqliyyat kommunikasiyalarının açılması, Zaqafqaziyada çoxşaxəli iqtisadi əməkdaşlığın təşviqi üzrə səylər Qarabağda vəziyyətin hərtərəfli sabitləşməsinə xidmət edəcək.

AZƏRTAC xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

“Cənubi Qafqazdakı vəziyyəti, Qarabağ münaqişəsinin nizamlanması istiqamətində keçən il noyabrın 9-da və bu il yanvarın 11-də əldə olunan razılaşmaları ətraflı müzakirə etdik. Bakı və Yerevana inam tədbirlərinin gücləndirilməsi də daxil olmaqla, münasibətlərin normallaşdırılması üzrə praktik məsələlərdə kömək etmək məqsədilə səylərimizi əlaqələndərmək üçün razılığa gəldik. Biz atəşin dayandırılması və bütün hərbi əməliyyatlara nəzarət edilməsi üzrə Azərbaycanın Ağdam rayonunda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən məmnunuq”, - deyə S.Lavrov bildirib. 

O, danışıqlar zamanı Rusiya ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq məsələlərinin də müzakirə olunduğunu qeyd edib və ticarət-iqtisadi əməkdaşlıq üzrə Rusiya-Türkiyə Hökumətlərarası Komissiyasının 17-ci iclasının iyulun 30-da Moskvada keçiriləcəyini xatırladıb.  

AZƏRTAC