Şərəfin,  qürurun,  igidliyin zirvəsi
Region

Şərəfin,  qürurun,  igidliyin zirvəsi

Şanlı qələbə ilə başa çatan Vətən müharibəsində Ermənistanın işğalçı ordusuna qarşı ən şiddətli döyüşlərdən biri də Füzuli istiqamətində baş verib. Uzun illər ərzində torpaqlarımızı zəbt edən düşmən burada istənilən hərbi texnikanın, hətta piyadaların keçməsini çətinləşdirən bədnam “Ohanyan xətti”ni quraraq bu yerləri tərk etməyəcəklərinə inanıb. İşğalçı düşmən bu torpaqları qaytarmayacağına ciddi hazırlaşmışdı. Erməni işğalçı canilər bu istiqamətdə döyüş mövqeləri,  uzunmüddətli atəş nöqtələri dəmir-beton qurğular vasitəsilə möhkəmləndirmiş,  vallar və tank əleyhinə xəndəklər hazırlamış, partlayan və partlamayan maneələr qurmuş,  mühəndis-istehkam qurğuları tikərək hakim yüksəkliklərdə kamera sistemi quraşdırmışdı.  

Bütün bunlara baxmayaraq,  Azərbaycan əsgərinin döyüş əzmi,  iradəsi,  fədakarlığı,  cəsarəti sayəsində ermənilərin güvəndiyi həmin “Ohanyan səddi” qısa zaman kəsiyində darmadağın edildi və düşmənin silahlı qüvvələri ağır məğlubiyyətə uğradıldı. Füzuli istiqamətində aparılan uğurlu döyüş əməliyyatlarında müddətdən artıq hərbi qulluqçu Elməddin Bədəlov da igidlik və hünər göstərib.  Əslən Füzuli rayonunun Kərimbəyli kəndindən olan Elməddin Dəyanət oğlu Bədəlov 2000-ci il martın 6-da Bakı şəhərində dünyaya göz açıb.  2006-cı ildə şəhid Əkrəm Səlimov adına Kərimbəyli kənd tam orta məktəbində təhsil alıb. Valideynlərinin dediyinə görə hərbçi olmaq onun ən böyük arzusu olub.  Elməddin həm də güləş idman növü üzrə uğurlar qazanıb.  2018-ci ildə həqiqi hərbi xidmətə çağırılıb,  hərbi xidmətini  ön cəbhədə yerinə yetirib. Ordudan tərxis olunduqdan bir müddət sonra öz arzusu ilə ordu sıralarına müddətdən artıq xidmətə başlayıb. Hərbidə ən çətin sahə olan kəşfiyyatçı kimi təlim keçib, püxtələşib.

Vətən müharibəsində Elməddin cəsur kəşfiyyatçı kimi qarşıya qoyulan hərbi tapşırıqları uğurla yerinə yetirib. Bir gün çox vacib tapşırıq alan kəşfiyyatçı Elməddin düşmən qüvvələrinin arxasına keçib, Füzuli rayonunun Merdinli kəndində 16 düşmən əsgərini məhv edib və bu istiqamətdə döyüşçülərimiz üçün yol açıb. Qəhrəman kəşfiyyatçı sonra düşmən nəzarətində olan Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə igidlik göstərib. Ağır və şiddətli döyüşlərin birində Elməddin həlak olub, Kərimbəyli kəndində dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə  milli ordunun hərbi qulluqçusu Elməddin Bədəlov ölümündən sonra “Vətən uğrunda”,  "İgidliyə görə"  və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Bu günlərdə Vətən müharibəsi şəhidi Elməddin Bədəlovun doğum günü igid döyüşçünün məzarı başında qeyd olunub,  xatirəsi anılıb,  ruhuna dualar oxunub.  Anım mərasimində şəhidin ailəsi ilə bərabər Füzuli Rayon İcra Hakimiyyətinin,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri,  döyüş yoldaşları,  məktəblilər, Qarabağ müharibəsi qaziləri və Kərimbəyli kəndinin sakinləri iştirak ediblər.  

Şəhidin ailəsi dövlət tərəfindən himayə olunur, həmyerliləri onun qəhrəmanlığı ilə qürur duyurlar. Şəhidlər şərəfli döyüş tarixi yazdılar, onların həyat yolu gələcək nəsillər üçün əsl örnək olacaq, Vətən fədailəri kimi əbədi yaşayacaqlar.

                                                         Salman ALIOĞLU,

                                                            “Respublika”.