ŞƏRƏF VƏ LƏYAQƏT ZÜLMƏ VƏ ŞƏRƏ QARŞI
Siyasət

ŞƏRƏF VƏ LƏYAQƏT ZÜLMƏ VƏ ŞƏRƏ QARŞI

Bəşəriyyətin inkişafından, əldə etdiyi mənəvi, iqtisadi, sosial, elmi-texniki tərəqqisindən nə qədər danışsaq da, təəssüflər olsun ki, dünyada işğalçılıq, terrorçuluq, qəddarlıq, düşmənçilik, yalan, böhtan kimi ən iyrənc əməlləri üstün tutan təkcə ayrı-ayrı insanlar, qruplar deyil, özünü xalq, dövlət sayan toplumlar da var. Yer üzündə ermənilərə xas bütün bu xüsusiyyətlərə sahib olan ikinci millət tapmaq qeyri-mümkündür.

XX əsrin 80-ci illərinin sonlarından etibarən Ermənistan ərazisində yaşayanlar Azərbaycanın tarixi torpaqlarına açıq-aşkar ərazi iddiaları ilə çıxış etmiş, respublikamıza qarşı son bir əsr ərzində hazırladıqları və xəyal etdikləri hərbi işğalçılıq siyasətini həyata keçirməyə başlamışlar. Həmin dövrdə Azərbaycanda hakimiyyəti zorla ələ almış, özlərini demokrat kimi qələmə verən və xalqımızı buna inandırmağa çalışan qüvvələrin səriştəsizliyindən, ölkədə hökm sürən hərc-mərclikdən istifadə edən ermənilər torpaqlarımızın 20 faizini işğal etmişdir. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından qovularaq qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilmişdir.

Azərbaycana qarşı işğalın nəticələrinin aradan qaldırılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üçün 30 ilə yaxın davam etmiş danışıqlar heç bir nəticə verməmişdir. Dövlətimizin bu ədalətsizliyi aradan qaldırmaq üçün məhz sülh yoluna üstünlük verməsi bəşəri dəyərlərdən uzaq erməniləri tutduqları destruktiv mövqeyindən çəkindirə bilmədi. Üstəlik, 2019-cu ildən başlayaraq, ermənilərin başında dayanan hərbi-siyasi rəhbərlik bir-birinin ardınca təxribatçı bəyanatlara yol vermiş, atdıqları anormal addımları ilə danışıqlar prosesinin tamamilə mənasız bir iş olduğunu aşkar şəkildə ifadə etmişlər. Bu, nəinki Azərbaycan, bütün dünya üçün aydın bir mesaj idi. Beləliklə, ermənilər bir daha əsl məqsədlərinin nədən ibarət olduğunu, mövcud status-kvonu möhkəmləndirmək istəyini nümayiş etdirmişlər.

Ermənistanın başbilənlərinin qəbul etdiyi, aşkar surətdə işğalçılıq və pozucu fəaliyyəti təqdir edən milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə həm də qanunsuz məskunlaşdırma siyasətini ölkəsinin prioritetləri sırasına çıxarmışdır. İşlər hətta o yerə çatmışdı ki, artıq ermənilər yeni ərazilər zəbt etmək uğrunda yeni müharibə xəyalları ilə yaşayırdı. Onların mülki vətəndaşlardan ibarət könüllü dəstələr yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə təmas xəttində gərginliyin artırılması, cəbhə xəttinə yaxın yerlərdə qoşunlarının cəmləşdirilməsi, xeyli sayda silah-sursat toplaması onların genişmiqyaslı hərbi təxribatlar aparmağa hazırlaşdığını göstərirdi.

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmuş, onların törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olmuşdu. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasın Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin qərarı və rəhbərliyi ilə əks-hücum əməliyyatlarına başlanılmışdır.

Artıq bütün dünya birliyi gördü ki, Ermənistan Azərbaycan ərazisinin bir hissəsini işğal altında saxlayır və problemi siyasi yolla tənzimlənmək çərçivəsində işğal etdiyi əraziləri azad etməkdən imtina edir. Ölkəmizin dövlət başçısı da məhz beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi güc daxil olmaqla bütün lazımi vasitələrdən istifadə etmək qərarı vermişdir.

Dünya birliyinə yaxşı bəlli idi ki, dövlətimiz xalqın və ölkənin milli maraqlarını təmin etməyə qadir, demokratik, hüquqi, dünyəvi, unitar dövlətdir, öz inkişafı naminə milli təhlükəsizlik siyasətini praqmatik lideri cənab İlham Əliyevin müdrik siyasəti sayəsində müstəqil surətdə müəyyən edir və həyata keçirir. Həmçinin, bütün ölkələr kimi, Azərbaycanın da öz ərazi bötüvlüyünü və insanlarının təhlükəsiz yaşamasını təmin etmək hüququ vardır. Beləliklə, Ali Baş Komandan cənab İlham Əliyevin sədrliyi ilə dərhal Təhlükəsizlik Şurasının iclası keçirilmiş, təcavüzkara adekvat cavab verilməsi istiqamətində konkret tapşırıqlar verilmişdir.

İşğalçı ölkənin silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal altında saxlaması, ölkəmizə qarşı real silahlı hücum təhlükəsi yarandığı, respublikanın, onun əhalisinin və ərazisinin, habelə Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin müdafiəyə hazır vəziyyətə gətirilməsi üçün dövlət başçısının 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunmuş, həmin Sərəncamla da ölkəmizdə qismən səfərbərlik elan edilmiş, hərbi əməliyyatlara hazırlıq və onların keçirilməsinə dair bütün təxirəsalınmaz və zəruri qərarlar qəbul edilmişdir.

İlk gündən Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatları nəticəsində respublikanın bir neçə rayonu və strateji əhəmiyyətli əraziləri işğaldan azad edilmişdir. 29 sentyabr 2020-ci il tarixdə isə Prezident cənab İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Fərman imzalamışdır. Fərmana əsasən işğaldan azad olunmuş ərazilərimizdə, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılmışdır.

Vətən torpaqlarını işğaldan azad edən rəşadətli Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistanın silahlı qüvvələri darmadağın edilmiş, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş, döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaq bölgədə yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini - yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar.

Bəşər tarixinin yalnız ən alçaq, faşizm xislətli ünsürlərinin verə biləcəkləri qərarlar qəbul edilmişdir. Belə ki, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən Mingəçevir şəhəri və oradakı Su Elektrik Stansiyası, eləcə də Yevlax rayonu və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin keçdiyi ərazilər, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlar ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulmuşdur.

Dinc əhaliyə və infrastruktur obyektlərinə qarşı bu iyrənc hərbi cinayətlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olmuş, 454 mülki vətəndaş yaralanmış, ümumilikdə, 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəymiş, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilmişdir.

2020-ci ilin 27 sentyabr - 10 noyabr müddətində Ermənistan həm döyüş meydanında, həm də münaqişə zonasından kənarda yerləşən Tərtər, Ağcabədi və Goranboy rayonlarını qadağan edilmiş və son dərəcə təhlükəli olan fosfor bombalarından 5 dəfə istifadə etməklə müxtəlif vaxtlarda atəşə tutmuşdur.

Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə arxa cəbhədə çalışan mülki vətəndaşlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirmiş, qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz düşmənə sarsıdıcı zərbələr endirmişdir.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində qəhrəman Ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçmişlər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edilmişdir.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə noyabrın 8-də Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, bununla da, Ermənistan öz məğlubiyyətini etiraf etmişdir. 2020-ci il noyabrın 10-da imzalanan bəyanat isə müharibənin Azərbaycanın qələbəsi ilə nəticələnməsi demək idi. Ermənistan kapitulyasiya olunaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana döyüşsüz qaytarmağa məcbur olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 02.12.2020-ci il tarixli sərəncamları ilə sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü, noyabrın 8-i Zəfər Günü kimi təsis edilmişdir.

Azərbaycan, onun Müzəffər Ali Baş Komandanı, qəhrəman əsgəri, sıravi vətəndaşı şərəflə, ləyaqətlə mübarizə apardı, layiq olduğu qələbəni qazandı. Bu, təkcə işğalçıya qarşı müharibə deyildi, həm də zülmə, yalana, şərə qarşı mübarizə idi.

Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının böyük hissəsini, hətta hərbi təyinatı olmayan torpaqları da minalamışdır. Minalanmış bölgələr insanların həyatı üçün təhlükə yaratmaqla yanaşı, torpaqlardan səmərəli istifadə işinə də mane olur. Xeyli müddətdir ki, ərazilərin minalardan təmizlənməsinə baxmayaraq, mütəmadi olaraq baş verən mina partlamaları nəticəsində mülki vətəndaşların xəsarət almaları və həlak olma faktları artır. Bu da bir daha erməni vəhşiliyinin, faşizminin əsl simasını göstərir.

İnanırıq ki, 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyimiz tarixi Zəfər, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgərinin qazandığı Qələbə dünya erməniliyin miflərini, yalanlarını puç etməklə yanaşı, onlara kimin kim olduğunu, layiq olduqları əsl yeri göstərdi. "Tarixləri", "mədəniyyətləri", "mənəviyyatları" saxta və yalan üzərində qurulmuş bir toplumun, görünməmiş vəhşiliklərdən çəkinməyən ünsürlərin nəfəsləri də yalandır. Özlərinə faşizm ideologiyasının ən utanc və insanlıqdan uzaq əməllərini rəva bilən, yüz minlərlə azərbaycanlını hazırda Ermənistan adlandırılan əzəli Azərbaycan torpaqlarından xaincəsinə qovaraq onlara zülm edən düşmənlə qonşuyuq. Bütün bu hadisələrə dünya birliyi hələ də qiymət verməyib. Ədalətdən, insan hüquqlarından dəm vuran beynəlxalq təşkilatların və ölkələrin hansı nümayəndəsi Qərbi Azərbaycandan, öz ata-baba yurdundan qovulmuş insanlarla danışıb, onların dərdləri, ağır taleləri ilə maraqlanıb?

Faşist Almaniyasının ideoloji maşınının rəhbəri Göbbels deyirdi ki, hətta ən inanılmaz yalanı belə təqdim etmək lazımdır ki, insanlar ona inansınlar. Görünür, dünya erməniliyinin bacardığı yeganə iş, bəşər sivilizasiyasına verə biləcəkləri tək bir "töhfə" yalnız bundan ibarətdir. Yalanları tirajlamaqla, özləri də həmin yalanlara inanır, qurduqları hansısa mücərrəd bir aləmdə yaşayırlar. "Dəmir yumruq" sayəsində bəlkə də nisbətən ayıldılar.

Beləliklə, Azərbaycanın Qarabağ yarası sağalır, növbə Qərbi Azərbaycanındır.

Emin QASIMOV,

"Respublika".