Sərdar Səfərov
Sosial həyat

Sərdar Səfərov

Azərbaycan polisi ictimai asayişin keşiyində həmişə ayıq-sayıq dayanmış, xüsusilə XX əsrin 90-cı illərində uydurma Qarabağ məsələsini ortaya atıb, Moskvadakı havadarlarının dəstəyi ilə Azərbaycan ərazilərinə hücum edən erməni vandallarının zərərsizləşdirilməsində yaxından iştirak etmişdir. Azərbaycan polisinin belə cəsur, mətin oğullarından biri də Sərdar Mədət oğlu Səfərov olmuşdur.Sərdar Səfərov 12 avqust 1960-cı ildə Azərbaycanın qədim yaşayış məskənlərindən olan, yurdumuzun dilbər guşələrindən sayılan Kəlbəcərdə dünyaya göz açmışdır.

Sərdarın uşaqlıq illəri İstisuda, Zalxa gölünün nəğməli sahillərində, Pəri-çınqıllı dağlarının romantik guşələrində keçmişdir. O, 1977-ci ildə müvəffəq qiymətlərlə orta təhsilini başa vurmuş, bir müddət kolxozda çalışmış, 1979-cu ildə əsgəri xidmətə yollanmışdır.

Sərdar ordudan tərxis olunduqdan sonra 1982-ci ildə Bakı Avtomobil Zavodunda əmək fəaliyyətinə başlayır. Bir müddət burada çalışdıqdan sonra Daxili İşlər orqanlarında işləmək arzusu onu Rusiya Federasiyasının Tula vilayətinə aparır. Sərdar Zaoks rayonunda 3 il Daxili İşlər Şöbəsinin mühafizə bölməsində milis nəfəri kimi xidmət edir. Təhsilini davam etdirmək üçün xidmət etdiyi şöbədən keçmiş SSRİ DİN-in Kaunas Xüsusi Milis məktəbinə göndərilir. 1987-ci ildə təhsilini başa vurub, öz iş yerinə qayıdır. Nümunəvi milis işçisi kimi sahə müvəkkili vəzifəsinə təyin olunur. Vətəndən uzaqda yaşaya bilməyən Sərdar Azərbaycana qayıdır və 1991-ci ildən Qusar Rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili kimi xidmətə başlayır.

1991-ci il sentyabrın 25-də erməni terrorçuları Əsgəran rayonu ərazisində sərnişin avtobusuna hücum edirlər. Köməyə gələn istintaq qrupunun tərkibində baş leytenant Sərdar Səfərov da var idi. O, istintaq qrupunda müstəntiq kimi fəaliyyətə başlamışdı. Hadisə yerindən qayıdan istintaq qrupunun üzvləri Xankəndi yaxınlığındakı Ağa körpüsündə erməni yaraqlılarının hücumuna məruz qalır. Sərdar Səfərov yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olur.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə mayor Sərdar Mədət oğlu Səfərova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Qədir ASLAN,

"Respublika".