Separatçıların və oğruların cinayətlərinə son qoyulmalıdır
Digər xəbərlər

Separatçıların və oğruların cinayətlərinə son qoyulmalıdır

Qarabağ iqtisadi rayonunda qızıl və mis yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir. Belə ki, ekofəallar və gənc könüllülər mütəmadi olaraq hər gün müxtəlif dillərdə yazılmış "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Bereqite prirodu!", "Gkoüidu net! Monitorinqu da!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Azərbaycanlı fəallar tərəfindən ermənilərin törətdikləri ekoloji cinayətlərə qarşı apardıqları dinc nümayişlər Yerevandakı və Xankəndidəki haylardan çox erməni milyarderlərin pul kisəsindən asılı vəziyyətə düşən bəzi rus və fransız sosial şəbəkə istifadəçilərini sözün əsl mənasında matəmə salıb. Necə deyərlər, özlərinə umac ova bilməyən bu sosial şəbəkə "pəhləvan"ları Azərbaycana qarşı şər və böhtan püskürür, əndazəni aşır, dillərinin altındakı zəhəri başqalarına bulaşdırmağa cəhd edirlər. Biz belə vaxtsız çərənləyənləri çox görmüşük.

Ötən il dekabrın 20-21-də Ermənistan hakimiyyətinin, erməni lobbisinin "böyük bacısı" Fransa Laçın yolundakı vəziyyət ilə bağlı BMT TŞ-nin iclasını çağırmağa nail olsa da onlar çirkin məqsədlərinə çata bilmədi. Fransanın israrlı səyləri ilə BMT TŞ-də Azərbaycanın ittiham olunmasına hesablanmış toplantıda məlum oldu ki, həmin müzakirələrdən dərhal sonra Fransanın təşəbbüsü ilə BMT TŞ-də Laçın-Xankəndi yolundakı vəziyyəti "humanitar fəlakət" kimi təqdim edən riyakar və ermənipərəst mətn hazırlanıb. Fransa BMT TŞ-nin daimi üzvü və bu qurumun indiki sədri kimi (daimi və qeyri-daimi üzvlərin hərəsi bir ay sədr olur) Azərbaycanın əleyhinə olan bu sənədin qəbul edilməsi üçün əlindən gələn hər şeyi etdi. Demək Fransa qarşılıqlı etimadı, işgüzar əlaqələri deyil, Azərbaycana qarşı düşmənçilik mövqeyində dayanır. Fransa münaqişə ilə bağlı vasitəçi ola bilməz, iyirmi gündən çox haqlı tələblər irəli sürən azərbaycanlı fəalların dinc aksiyasına başqa don geyindirən, həqiqəti görməzdən gələn Fransa senatı və digərləri Ermənistana və separatçılara demirlər ki, həmin yataqlarda monitorinq aparılmasına şərait yaratsınlar. Onsuz da yaxın vaxtlarda Azərbaycan öz torpaqlarında ermənilər tərəfindən törədilən cinayətlərə son qoyacaq və buna da heç kəsin şəkk-şübhəsi olmasın.

Mübaliğəsiz demək olar ki, Azərbaycan Fransa kimi böyük, güclü, həm də hazırda BMT TŞ-nin sədri olan ölkə üzərində diplomatik qələbə qazandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətində sülh, dostluq, tərəfdaşlıq mühüm yer tutur və dünya dövlətlərinin böyük əksəriyyəti görür ki, o, verdiyi sözü həmişə yerinə yetirir. Məhz buna görədə dövlətimizin başçısının uğurlu xarici siyasəti nəticəsində dünya dövlətlərinin əksəriyyəti ilə tərəfdaşıq. Sonuncu hadisə onu göstərir ki, bu uğur çoxlarının düşündüyündən də böyükdür. Fransaya "öz meydanı"nda qalib gələn rəsmi Bakının hədəfləri çox dəqiq və güclüdür.

Gərgin və ardıcıl mübarizə sayəsində Azərbaycan qara buludlar içərisindən şimşək kimi parıldadı və ATƏT-in otuz ilə yaxın məşğul olduğu münaqişəyə və erməni işğalına son qoydu, BMT TŞ-nin Ermənistanın işğalı ilə bağlı 4 qətnaməsini yerinə yetirdi. Torpaqlarını işğaldan azad edən qəhrəman ordu bölmələri ötən ilin sentyabr ayında "Qisas" əməliyyatı keçirərək Ermənistanla sərhəddəki vacib yüksəklikləri nəzarətə götürdü. Çünki Ermənistana və ermənilərə inanmaq olmur, onlar sözlərinin üstündə durmurlar. Ermənistan Cənubi Qafqazda dinc gələcəyin qurulmasına ciddi təhlükə yaradır. "Məzlum xalq" obrazı yaratmağa vərdiş edən, ağalarının dediyi ilə durub oturan, çox hiyləgər və yalançı bir toplumla bir gəmidə getmək olduqca təhlükəlidir. Uzun illər ərzində Ermənistanın siyasəti dünya ictimaiyyətini çaşdırmaq, gərginlik yaratmaq üzərində qurulub. Xankəndidə yaşayan ermənilər oğru və quldur Vardanyanı onlara nicat gətirən qəhrəman kimi təsəvvür edirlər və erməni nəşrləri bu barədə pafosla xəbərlər yayırlar. Yəqin ki, qəhrəman silahlı qüvvələrimizin bölmələrinin növbəti əməliyyatı Xankəndidə keçiriləcək, orada yuva salmış separatçılardan, xunta rejimindən və daşnak çetesindən qədim yurd yerimiz təmizlənəcək. Sadə erməni vətəndaşlar isə qanunlara tabe olaraq Azərbaycanın tərkibində yaşayacaqlar.

Salman ALIOĞLU,

"Respublika".