Separatçıların növbəti təxribatı 
MÜSAHİBƏLƏR

Separatçıların növbəti təxribatı 

Martın 5-də ölkəmizin suveren əzarilərində növbəti təxribat hadisəsinin baş verməsi onu göstərir ki, nəzarət-buraxılış məntəqələrinin yaradılması zəruridir. Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərimizdə lazımi addımları atmaması nəticəsində iki hərbçimiz şəhid olmuş, biri isə yaralanmışdır. Təxribatı törədən erməni hərbçilər Azərbaycan Ordusunun bölmələri tərəfindən məhv edilib.

Qarabağda baş vermiş silahlı insidenti şərh edən iqtisad elmləri doktoru, politoloq Nazim Bəydəmirli qeyd edib ki, Azərbaycan əsgər və zabitlərinin qanı və canı bahasına Qarabağ işğaldan azad olundu. 10 noyabr Bəyanatı imzalandıqdan sonra, Azərbaycan cəmiyyətində bir gözlənti var idi ki, erməni əsilli, Xankəndi, ətraf qəsəbə və kəndlərdə yerləşmiş vətəndaşlar Azərbaycana reinteqrasiya olunacaq, azərbaycanlılarla birgəyaşayışla bağlı qərar qəbul ediləcək və ərazi bütövlüyümüz Ermənistan tərəfindən qəbul olunaraq separatçılıq meyillərinə son qoyulacaq. Ancaq çox təəssüf ki, gözləntilər özünü doğrultmadı. Sülhməramlılar Ermənistan terrorçularını, Qarabağda yerləşən separatçıları ancaq dəstəkləməklə və özlərinə hərbi baza düzəltməklə məşğuldurlar. Azərbaycan hərbi və siyasi rəhbərliyi dəfələrlə beynəlxalq konfranslar da daxil olmaqla, birbaşa təmaslarda da həm Ermənistan rəhbərliyinə, həm dünya ictimaiyyətinə bəyan edib ki, bu, terrorçular orada olduğu müddətdə, region təhlükə altındadır. Baş vermiş son hadisələr bunu bir daha sübut etdi. Mən şəhid olmuş hərbçilərimizə rəhmət diləyir, ailələrinə başsağlığı verirəm. Bununla yanaşı, hesab edirəm ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində tanınmış ərazilərində nəzarəti tam bərpa etməlidir. Müdafiə Nazirliyi yaydığı bəyanatda qeyd etdiyi kimi, Rusiya sülhməramlılarının qarşısında tələblər qoyulmalıdır. Konkret olaraq Xankəndidə yerləşən özünü "hökumət" adlandıran qurumların rəhbərlərinə vaxt verilməli və ondan sonra konkret tədbirlər görülməlidir. Rusiya tərəfi ona verilən mandata uyğun addım atmalıdır.

Musa BAĞIRLI,

"Respublika".