Separatçılar ərazimizi nə qədər tez tərk edərsə, bu, onların özü üçün yaxşı olacaq
Siyasət

Separatçılar ərazimizi nə qədər tez tərk edərsə, bu, onların özü üçün yaxşı olacaq

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolundakı etiraz aksiyası iki həftədən çoxdur davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi.

Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Azərbaycanın mövqeyi dəfələrlə diqqətə çatdırılıb. Azərbaycan tərəfinin və oradakı fəalların tələbi ondan ibarətdir ki, Azərbaycanın dövlət orqanlarının həmin yataqlara getmək, monitorinq etmək imkanı olmalıdır. Həmçinin oradakı məsələyə nəzarəti həyata keçirmək imkanları olmalıdır.

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan küçədən hakimiyyətə gəldiyi gündən başqalarına qarşı əsassız ittihamlarla çıxış etməklə elə zənn etdi ki, yalan və əsassız iddialar irəli sürməklə tutduğu kreslosunda qala biləcək. Ancaq əsas məsələ odur ki, sadə həqiqəti dərk etməyə erməni siyasi şüuru, nə də Paşinyan təfəkkürü qabil deyil. Kompromislərdən imtina və status-kvo vəziyyətinin qorunub saxlanması siyasətinin milli fəlakətə gətirdiyini sübut etməyə ehtiyac yoxdur və fəlakətdən sonra bunu hətta bu siyasətin keçmiş tərəfdarları da etiraf edir. Lakin eyni zamanda özlərinə haqq qazandırmaq üçün çoxları sübut etməyə çalışırlar ki, bu, kompromis yolu seçildiyi təqdirdə də baş verərdi. Bu, özünü təmizə çıxarmaq, çarəsiz cəhddən başqa bir şey deyil.

İstər Ermənistan daxilində baş verən prosesləri, istər Avropa dövlətlərinin regionda baş verənlərə münasibətində bəyanat, müraciət və s. formatda təqdim edilən nəzərəçarpacaq dəyişikliklərini, istərsə də Qarabağ ətrafında  gedən proseslərdə Rusiyanın əlində sadəcə siyasi oyuncaq olduğunu dərk etməyə başlayan yerli ermənilər artıq siyasi situasiyanın onların əleyhinə işləyəcəyinin fərqindədirlər və yəqin ki, vəziyyətdən çıxış yolu aramaqdadırlar. Ermənistan hökumətinin Laçın yolunun Azərbaycan tərəfindən bağlanmasına qarşı Avropa İnsan Haqları Məhkəməsinə müraciəti də ermənilərə nəticə əldə etməyə imkan vermədi və bunun bir yalan, Azərbaycan əleyhinə təbliğat məsələlərinə yönəlik addım olduğunu ortaya qoymuş oldu. Son hadisələr Ermənistan cəmiyyətini qəflətdən oyadır. Ölkənin siyasi elitası reallığı xülyadan fərqləndirməyə çalışır. Bu etnik qrup yüz ildən artıqdır başqa torpaqları ələ keçirmək və türklərə düşmən münasibət ruhunda tərbiyə edilib. Sanki erməni cəmiyyətinin yuxudan ayılıb qonşuları ilə dinc-yanaşı yaşamasına hansısa xarici əl mane olur.

Separatçılar açıq şəkildə beynəlxalq ictimaiyyətə sırımaq istəyirlər ki, Qarabağda özlərinin "legitim" hakimiyyəti var və danışıqlar onlarla aparılmalıdır. Ruben Vardanyan isə danışıqlarda erməniləri təmsil etməlidir. Bütün bunlar cəfəngiyyatdan başqa bir şey deyil. Azərbaycan Xankəndidə heç bir hakimiyyəti tanımır və danışıqların bir parçası olaraq görməyəcək. Vardanyanın məqsədi bəllidir. O, bu yolla Azərbaycana təzyiq edə biləcəyini düşünür. Xüsusilə də rəsmi Bakının Laçın yolu ilə bağlı mövqeyini dəyişmək istəyir. Azərbaycanın isə mövqeyi bəllidir. Ümumiyyətlə, rəsmi Bakı Laçın yolunu bağlamayıb. Şuşa-Laçın yolunda keçirilən aksiya yalnız Qarabağa qanunsuz şəkildə daxil olan silah-sursatın və təbii sərvətlərin daşınmasının qarşısını almaqdır. Bunun xaricində Laçın yolundan humanitar və dinc məqsədlər üçün istifadəyə icazə verilir.

"Hesab edirik ki, bu şəxsin (Ruben Vardanyan - red.) Azərbaycana gəlişindən, onun orada "baş nazir" təyin edilməsindən sonra Azərbaycan sərvətlərinin talan edilməsi istiqamətində işlər sürətlənib", - deyən Azərbaycanın xarici işlər naziri Azərbaycan tərəfinin Ruben Vardanyana dair cinayət işinin başladılması, onun beynəlxalq axtarışa verilməsini istisna etməyib: "Bizim mövqeyimiz ondan ibarətdir ki, həmin şəxsin istər Azərbaycan qanunvericiliyi, istərsə də beynəlxalq humanitar hüquq və konvensiyalara uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsində olması, qalması, yaşaması, Azərbaycanın istənilən dövlət qurumu üçün tərəf müqabili olması şansı yoxdur. Çünki bu adamın bu bölgə ilə heç bir bağlılığı yoxdur, onun valideynləri orada doğulmayıb. Belə olan təqdirdə, o, cinayət törətməsə belə, qanunsuz məskunlaşma anlamına düşür. Həmin adam bölgəni nə qədər tez tərk edərsə, bu, onun özü üçün bir o qədər yaxşı olar".

Mustafa KAMAL,

"Respublika".