Səndən təsəlli zabit mundiri
Region

Səndən təsəlli zabit mundiri

Azərbaycan tarixinin ən şərəfli səhifəsi 44 gün davam edən Vətən müharibəsində yazıldı. Qəhrəman oğulların şücaəti ilə işğalçı Ermənistan ağır məğlubiyyətə uğradı və otuz ilə yaxın erməni əsarətində qalan torpaqlarımız azad edildi.  Şanlı Azərbaycan ordusu düşmənə ağır və sarsıdıcı zərbələr endirərək işğalçıları qədim yurd yerlərimizdən qovdu. Ən şiddətli döyüşlərdən biri də Füzuli istiqamətində aparılıb.  Uzun illər boyu düşmənin yaratdığı müdafiə xətlərini dağıtmaq üçün əsgər və zabitlərimiz sözün əsl mənasında qəhrəmanlıq nümayiş etdiriblər. Həmin döyüşlərdə 23 yaşlı leytenant Ətraf Qənimətov da igidlik göstərərək düşmənin hərbi texnikasının və canlı qüvvəsinin məhv edilməsində şücaət göstərib.

Şəhidin valideynləri 1992-ci ilin may ayında Ermənistanın hərbi təcavüzü nəticəsində Laçın rayonunun Vəlibəyli kəndindən didərgin düşüblər. Şəki şəhərinə pənah gətirən ailə burada məskunlaşır. 1997-ci il mart ayının 20-də, xalqımızın ən əziz bayramı olan Novruzda Dəmiryol köçkün qəsəbəsində yaşayan ailədə bir oğlan uşağı dünyaya gəlir.  Uşağın adını Ətraf qoyurlar, adı ilə böyüyür.  2014-cü ildə məcburi köçkün orta məktəbini əla qiymətlərlə bitirən Ətraf elə həmin il Sumqayıt Dövlət Universitetinin tarix-coğrafiya fakültəsinə qəbul olub.  

Ətraf dərs əlaçısı kimi ictimai işlərdə də fəallıq göstərib. İlk dəfə Bakıda keçirilmiş Birinci Avropa Oyunlarında, Formula 1 yarışlarında və İslam Həmrəyliyi Oyunlarında könüllü kimi fəaliyyət göstərib və sertifikata layiq görülüb. 2018-ci ildə universiteti müvəffəqiyyətlə başa vuran Ətraf həqiqi hərbi xidmətə çağırılıb. Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun orduda  hərbi xidməti başa vuran Ətraf 2020-ci ilin yanvar ayında  ehtiyata buraxılıb.  Uşaq yaşlarından hərb sənətinə, zabit olmağa çox böyük marağı olub. Hərbi xidməti başa vuran Ətraf sonra silahlı qüvvələrin təlim - tədris mərkəzində ehtiyat zabit hazırlığı kursunda hərbi təhsil alıb. Kursu bitirdikdən sonra leytenant Ətraf Qənimətov Qazax rayonundakı “N”saylı hərbi hissədə Vətən qarşısındakı xidmətini davam etdirib.

Ətraf Laçını görməyib,  amma nədən söz düşürsə,  hansı mövzudan danışırsa,  sözü Laçının üzərinə gətirirmiş.  Ata-baba yurdunu azad görmək ən böyük arzusu idi.  Şəhidin atası Oktay Qənimətov deyir ki, Ətraf qarşısına hərbçi olmağı məqsəd qoymuşdu.  Ona dedim ki, balaca qardaşın Ali Hərbi Məktəbdə təhsil alır, bu fikrindən geri çəkil.  Razı olmadı, gənc həyatını hərbiyə həsr etdi. Qəhrəman zabit Ətraf nişanlı idi.  Vətən müharibəsi başlayanda zabit Ətraf Qənimətov döyüşlərə qatılıb.  Füzuli istiqamətində gedən qızğın döyüşlərdə igidlik göstərib,  Vətən sevgisi, döyüş ruhu çox güclü olub. Oktyabr ayının 13-də Ətraf şəhid olub və ən ali məqama yüksəlib. Onun nəşi ağır döyüşlərin getdiyi ərazidə qalıb. Yalnız 17 gündən sonra qəhrəman zabitin nəşi oradan götürülüb və Şəki şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə milli ordumuzun zabiti Ətraf Qənimətov ölümündən sonra III dərəcəli “Rəşadət” ordeni,  “Vətən uğrunda”,  “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

Şəkidə şəhidin xatirəsinə ehtiram əlaməti olaraq abidə-bulaq yaradılıb. Qəhrəman zabitin valideynləri dövlət himayəsi ilə əhatə olunub. Laçınlılar Ətrafın igidliyi ilə qürur duyurlar. 

                                                     Salman ALIOĞLU,

                                                        “Respublika”.