Sənaye məhəllələrinin yaradılması sahənin dinamik inkişafına təkan verir
İQTİSADİYYAT

Sənaye məhəllələrinin yaradılması sahənin dinamik inkişafına təkan verir

Hacıqabulda yaradılan müəssisədə yük və xüsusi təyinatlı avtomobillər istehsal olunacaq

Azərbaycan Respublikası Prezidentinin sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və müasir texnologiyalara əsaslanan yeni sənaye müəssisələri yaradılır, rəqabətqabiliyyətli və ixracyönümlü sənaye məhsullarının istehsalı artır. Qeyri-neft sənayesinin davamlı inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, məşğulluğun təmin edilməsində sənaye parkları və sənaye məhəllələri önəmli mexanizmlərdir.

Xəbər verildiyi kimi, bu yaxınlarda Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında daha iki müəssisənin təməlini qoymuş və bir müəssisənin açılışını etmişdir.

Burada “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı və “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodları tikiləcək. “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsi isə dövlət başçısının xeyir-duası ilə fəaliyyətə başlamışdır.

“Sulfat turşusu istehsalı” layihəsi çərçivəsində tikiləcək zavodun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır. Zavodda ildə 20 min ton məhsul istehsalı planlaşdırılır. Müəssisə cari ilin sonunda fəaliyyətə başlayacaq və burada 30-dan çox iş yeri yaradılacaq. Qeyd edək ki, təkcə son 3 ildə ölkəmiz hər il 5-10 min ton sulfat turşusu idxal edir. Bu zavodun fəaliyyətə başlaması ilə idxal yerli məhsulla əvəz olunacaq. Məhsulların yaxın gələcəkdə Gürcüstana və Rusiyaya ixracı da nəzərdə tutulur. 

Bu sahədə uğurlu addımlardan biri də Hacıqabul Sənaye Məhəlləsinin yaradılması və onun bu il aprelin 20-də açılışıdır. Sənaye məhəlləsinin açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

 Hacıqabul Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2017-ci il tarixli Sərəncamı ilə yaradılıb. Sənaye Məhəlləsində dövlət vəsaiti hesabına lazımi infrastruktur yaradılıb, inzibati bina, texniki və köməkçi binalar tikilib, abadlıq işləri aparılıb. Digər sənaye məhəllələrində olduğu kimi, Hacıqabul Sənaye Məhəlləsinə də  sahibkarlar tərəfindən böyük maraq göstərilir.

Tikinti materiallarının istehsalı üçün avadanlıqlar istehsal edən “Elberg” MMC-də KİV nümayəndələrinə məlumat verilib ki, müəssisəsinin investisiya dəyəri 12 milyon manatdır və zavodda 100  iş yeri yaradılıb. İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilmiş müəssisədə Türkiyə, Yaponiya və Finlandiya texnologiyalarından istifadə edilir. İstehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac ediləcək.

Müəssisədə yük və xüsusi təyinatlı avtomobillərin istehsalı planlaşdırılıb.

Sənaye Məhəlləsində fəaliyyət göstərən daha bir müəssisə plastik su qabları istehsal edən “Uysal Ambalaj” MMC-də olarkən media nümayəndələrinə bildirilib ki, investisiya dəyəri 1,44 milyon manat olan müəssisənin maliyyələşməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 700 min manat güzəştli kredit verilib. Yaponiya texnologiyasından istifadə edilən Zavod ildə 350 min ədəd plastik su qabı istehsal etmək gücünə malikdir.

Daha sonra media mənsubları “Az Agromila” MMC-nin maye, toz, gel, yarpaq gübrələri istehsalı müəssisəsində olublar. Məlumat verilib ki, müəssisənin yaradılmasına 4,35 milyon manat investisiya qoyulub və 30 iş yeri yaradılıb. Layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi və 900 min manat güzəştli kredit verilib. İllik 6 min ton gübrə istehsal etmək gücünə malik olan zavod Türkiyə texnologiyası əsasında qurulub.

Sənaye müəssisəsində plastik tara istehsalını həyata keçirən “Plasttech” MMC-nin qurduğu müəssisəyə 1,2 milyon manat investisiya yatırılıb, 16 iş yeri yaradılıb. Zavod ildə 600-900 ton plastik tara istehsal etmək gücündədir. 

Qeyd edilib ki, bunlardan başqa, məhəllədə avtomobillər istehsal edən “Azərmaş” zavodu də fəaliyyətə başlayıb.

Nəriman CAVADOV,

“Respublika”.