Sən həmişə bizimləsən
Region

Sən həmişə bizimləsən

Şirvan Şəhər İcra Hakimiyyətinin və “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı ilə Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış  şəhid Şəmsəddin Aqil oğlu Vəliyevin doğum günü münasibətilə anım tədbiri keçirildi.
Anım tədbirində şəhid ailələri, şəhidin təhsil aldığı məktəbin müəllim və şagird kollektivi, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin müəllim və tələbələri, şəhər gəncləri, Gənclər Evinin könüllüləri iştirak edirdi. Öncə Vətənimizin azadlığı, müstəqilliyi, bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu.   Gənclər Evinin direktoru Əfqan Həsənov Azərbaycan Respublikasının torpaqlarımızın ərazi bütövlüyü, azadlığı uğrunda həyatından keçən şəhidlərimizin xatirəsinə Gənclər Evi tərəfindən təşkil olunan tədbirlər və layihələr haqqında danışdı. Şəhidlərimizin ruhunun hər zaman uca tutulacağını, ehtiramla yad olunacağını bildirdi.   Şirvan Şəhər İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Elvin Balayev icra hakimiyyəti adından bir daha şəhid ailələrinə başsağlığı verib, cəsur, vətənpərvər övlad yetişdirdikləri üçün təşəkkürünü bildirdi.
Qəhrəman şəhidimiz Şəmsəddin Aqil oğlu Vəliyevin təhsil aldığı Sabirabad rayon Dadaşbəyli kənd orta məktəbinin direktoru və müəllimləri, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin müəllimləri onun haqqında xoş xatirələrini bölüşdülər, qəhrəman şəhidimizin tərbiyəli, çalışqan, vətənpərvər şagird olmasını vurğuladılar.
Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.
Anım tədbirində Gənclər Evi tərəfindən şəhid Şəmsəddin Aqil oğlu Vəliyev haqqında hazırlanmış təqdimat videosu nümayiş etdirildi.

                            Tofiq HÜSEYN,

                           “Respublika”.