Sən azadsan, gözəl Şuşa!
Sosial həyat

Sən azadsan, gözəl Şuşa!

Adının dillər əzbəri olması bu şəhərin taleyinə yazılıb. Yaranışından bu günə qədər haqqında xoş söz deyənlərin, qələm götürüb yazanların sayı da bəlli deyil. Qarabağ savaşının ilk qurbanı, son qalibiyyət ünvanı olan Şuşa 28 il 6 ayın istila dövrünə də mərdliklə dözüb dillərdə dastan oldu. Deyirlər, şəhərlər də insanlar kimi öz taleyini yaşayır. İnsanlar kimi onların da doğum, ölüm günü qeyd edilir. İndi Şuşamız 270 yaşını qeyd edir, azad Şuşanın isə iki yaşına az qalır...

Ölkə başçısının Sərəncamı ilə 2022-ci ilin "Şuşa İli" elan olunması hər birimizi məmnun etdi, çünki Prezidentin dediyi kimi, "Şuşa buna layiqdir".

Bu günlərdə Rəşid Behbudov adına "Mahnı Teatrı"nda keçirilən musiqi gecəsi də Şuşa ruhunda köklənmişdi. Görmə problemli uşaqlar üçün 38 saylı musiqi məktəbinin kollektivinin hazırladığı proqram "Şuşa İli"nə həsr edilmişdi.

Gecənin aparıcısı respublikanın Əməkdar artisti İradə Ələkbərqızı tədbirin rəsmi hissəsini açıq elan edərək dedi: "Bilirəm ki, bu gün buraya Şuşa sevdalılar, Şuşa həsrətliləri toplaşıb. Bəlkə də aranızda şuşalı olmayan, Şuşanı heç vaxt görməyənlər də var. Lap elə mənim kimi, amma bundan asılı olmayaraq, bu gün Şuşa deyib gəlmişik və arzum budur ki, biz də tezliklə o gözəl məkanı, baş tacımızı, Azərbaycanın konservatoriyasını, kiçik Parisi görək...".

Sonra bu şəhəri dişi-dırnağı ilə, canı-qanı bahasına azad edən qazi, şəhid olan Vətən övladlarından danışdı, komandiri Polad Həşimovun qisasını alan, iki erməni generalını əlləri ilə boğub öldürən, dastana çevrilib göylərə yüksələn, Şuşamızı geri qaytaran əsgərlərimizin qəhrəmanlığından söz açdı. O gecə hansı dildə səslənməsindən asılı olmayaraq, bir-birindən maraqlı ifalar, müxtəlif musiqi alətlərində səsləndirilən melodiyalar da sanki: "Sən azadsan, gözəl Şuşa! Biz səni dirçəldəcəyik!" deyirdi. O gün hər kəs Şuşadaymış kimi hiss edirdi özünü. Məktəbin xor kollektivi Nailə Mirməmmədlinin "Gözəl vətən" bəstəsini ifa etdikcə, enib, coşan musiqinin sədaları altında sanki Şuşa dağlarından çiçək dərir, bulaqlarından su içir, qayalıqlarında məskən salan quşların nəğməsini dinləyirmiş kimi duyğular yaşayırdı hər kəs. Elə balaca Abbasın "Darçını" xalq rəqsinin, Fidanın A.Məlikovun "Ağır vals"ının qarmonda məharətli ifası salonda xoş ab-hava yaradırdı. Rəvanə Ağamirovanın bənzərsiz ifası ürəkləri riqqətə gətirirdi: "Nə gözəlsən, mənim Şuşam, cəlalına vurulmuşam!.." S.Ələsgərovun "Mənim Şuşam" mahnısını ifa edirdi Rəvanə. "Könlümün sevgili məhbubu mənim, Vətənimdir, Vətənimdir, Vətənim" deyirdi muğam üstə köklənən bu balaca xanəndə. Musiqi nömrələri isə həm janrca, həm də ifa tərzlərinə görə fərqli idi. S.Raxmaninovun "İtalyan polkası", Ü.Hacıbəyovun "Fantaziya"sının II hissəsi, P.Çaykovskinin "Yevgeni Onegin" operasından duet, Niyazinin "Xoreoqrafik rəqs"i Fidan Bağırova, Hidayət Bayramov, Sona Hacıyeva, Nərmin Əliyevanın ifasında təqdim olundu. Məsumə İsmayılova, Elnar Musayevin S.Vurğun və M.Araz poeziyasından gətirdikləri nümunə şeirsevərlərin qəlbini oxşadı. Məktəbin müəllimi Kifayət Mikayılova isə "Qaragilə" xalq mahnısı ilə yenə də özünü tamaşaçılara sevdirə bildi.

Yeri gəlmişkən onu deyək ki, 38 saylı görmə problemli uşaqlar üçün internat məktəbinin öz ənənələri var. Müxtəlif tarixi günlərdə, dövlət və milli bayramlarımızda kollektiv xüsusi konsert proqramı hazırlayır. Mədəniyyətimizin inkişafında xidmətləri olan şəxsiyyətlərin yubileyləri keçirilir, müxtəlif təşkilatlarla birgə layihələr reallaşdırılır. Bir neçə il öncə ADA Universiteti ilə birgə inklüziv təhsil, onun imkanları və digər kateqoriyalar üzrə keçirilən tədbir böyük maraqla qarşılanmışdı. İnklüziv strategiya uşaqların fasiləsiz təhsil almaları üçün real imkanlar yaratmaq şərtilə onların hər birinin fərdi xüsusiyyətləri nəzərə alınmaqla təhsillə əhatə olunmasını zəruri hesab edir. "İnklüziv təhsil" modeli xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili ilə yanaşı, onların həyata transformasiyasını və inkişafını nəzərdə tutur. Ölkədə fəaliyyət göstərən musiqi məktəbləri arasında fərqlənən 38 saylı görmə problemi olan uşaqlar üçün internat məktəbinin pedaqoji kollektivi məhz bu meyarlar əsasında fəaliyyət göstərir, istedadlı, qabiliyyətli şagirdlərin yaradıcılıq potensialının üzə çıxarılması, inkişaf etdirilməsi istiqamətində uğurlu layihələr həyata keçirirlər.

 Dahi bəstəkar Üzeyir Hacıbəylinin, Azərbaycan tarının atası Sadıqcanın, qarmon ustası Kor Ərəbin yubiley tədbirlərində məktəbin kiçik istedadlarının möhtəşəm ifaları hələ də yaddaşlardadır. Təsadüfi deyil ki, indi məktəbin məzunlarının səsi-sorağı respublikanın musiqi yönümlü ali təhsil müəssisələrindən gəlir.

"Şuşa İli"nə həsr edilmiş bu musiqi bayramı da tamaşaçılarda xoş ovqat yaratdı.

Böyük anşlaqla keçən tədbirin sonunda 5 saylı görmə əngəlli uşaqlar üçün internat məktəbinin direktoru İradə Vəzirova söz alaraq bu möhtəşəm konsert proqramına görə onun təşkilatçılarına, kiçik ifaçılara minnətdarlığını bildirdi.

Musiqi məktəbinin direktoru Esab Əliyev də tədbirin qonaqlarına, iştirakçılara, məktəbin pedaqoji kollektivinə təşəkkürünü bildirib onlara gələcək işlərində uğurlar arzuladı.

"Şuşa İli"nə həsr edilən daha bir musiqi bayramı, musiqi gecəsi gözəl Şuşamızın teatr səhnələrində görüşmək arzusu ilə yekunlaşdı...

Zümrüd QURBANQIZI,

"Respublika".