Şəmkirdə meyvə bağlarının sahəsi genişləndirilir
Region

Şəmkirdə meyvə bağlarının sahəsi genişləndirilir

Şəmkir respublikanın ən böyük kənd təsərrüfatı rayonlarındandır. Kənd təsərrüfatı sahələrinin əhəmiyyətli dərəcədə inkişaf etdirilməsi qarşıda duran əsas məsələlərdən biridir. Son illərdə Şəmkir rayonunda kənd təsərrüfatının əksər sahələri kimi meyvəçilik sahəsində də inkişaf nəzərə çarpır.

Rayonda yeni salınmış min hektardan çox bağları da daxil etsək, ümumilikdə 4500 hektar meyvə və giləmeyvə bağları mövcuddur. Şəmkir rayonu ərazisində mövcud olan bağ sahələrinin 3212.6 hektarı intensiv bağlardır. Ötən il həmin sahələrdən 80 min ton məhsul istehsal olunmuşdur.

Rayon ərazisində əsasən xurma, alma, armud, gilas, şaftalı, heyva və digər meyvə bağları mövcuddur. Eyni zamanda, rayonda 560 hektar üzüm bağları da var. Ötən il bu bağlardan 30 min tondan çox məhsul əldə olunub. Cari ildə də sahələrdən yüksək məhsuldarlıq gözlənilir.

Rayonda həm təsərrüfat sahələrinin genişləndirilməsi, həm də məhsul növlərinin artırılması üçün sahibkarlara hər cür dəstək göstərilir.

Bu məqsədlə, rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev mütəmadi olaraq yerli sahibkarlarla görüşlər keçirir, təsərrüfatlarda yaradılan şəraitlə tanış olur, eyni zamanda onların arzu və istəklərini də dinləyir.

Bu günlərdə icra başçısı rayonun Keçili kəndində meyvə bağına baş çəkmişdir. Təsərrüfat rəhbəri Fərman Musayev bizimlə söhbət zamanı bildirdi ki, respublikamızda sahibkarlığa yaradılan münbit şəraitdən ruhlanaraq daha əzmlə çalışırıq. Rayon rəhbəri mütəmadi olaraq sahibkarlarla görüşlər təşkil edir. Mövcud problemlərin həlli istiqamətində aidiyyəti orqanlara ciddi tapşırıqlar verir. Sahibkar bildirdi ki, təsərrüfata məxsus 50 hektar torpaq sahəsinin 34 hektar ərazisində gilas, şaftalı və ərik ağacları əkilmiş, qalan ərazilərdə isə növbəti ildə müxtəlif meyvə ağaclarının əkilməsinə start veriləcəkdir.

Hazırda təsərrüfatda 15 nəfər daimi, 50 nəfər isə mövsümi işlə təmin olunmuşdur. Meyvə bağına yüksək aqrotexniki qulluq göstərilir. Hələlik əldə olunan ekoloji təmiz məhsullar respublika bazarlarında realizə olunur.

Yaxın gələcəkdə istehsal olunan məhsulların xarici ölkələrə ixracı nəzərdə tutulur. Təsərrüfatda 2 ədəd əkin traktoru, 2 ədəd dərmançiləyici aparat, ağacların arasında əkin aparmaq üçün frez və başqa kənd təsərrüfatı texnikaları mövcuddur.

Təsərrüfat rəhbəri bildirdi ki, ağacların suvarılmasında mütərəqqi üsuldan istifadə olunur. Suvarma damcılama üsulu ilə həyata keçirilir. Suvarma müəssisənin balansında olan 1 ədəd subartezian quyusundan və Kür çayından maşın-kanal vasitəsilə götürülmüş su hesabına aparılır. Təsərrüfat rəhbəri bir problemi də dilə gətirdi. Belə ki, yaxın gələcəkdə 1 ədəd subartezian quyusunun qazılması və təsərrüfata məxsus olan subartezian quyusunun dövlət balansına götürülməsi ilə bağlı lazımi orqanlara müraciət edilmişdir. Hər iki məsələ rayon rəhbərliyinin diqqətində saxlanılır.

Qeyd etmək lazımdır ki, cari ildə cəmi 80 ton şaftalı, 20 ton ərik yetişdirilmişdir. Mütəxəssislər mövsümün sonunadək bağdan 200-220 ton məhsul olacağını proqnozlaşdırırlar.

Vəli VƏLİYEV,

"Respublika".