Şəmkir: Kənd məktəbinin uğurları
Region

Şəmkir: Kənd məktəbinin uğurları

Artıq yeni tədris ili başlamışdır. Respublikanın bütün tədris müəssisələrində bu əlamətdar günə ciddi hazırlıq işləri aparılmışdır. Məktəblərin ənənəvi formada fəaliyyət göstərməsi müəllim və şagirdlərin böyük sevincinə səbəb olmuşdur. Bu günlərdə Şəmkir rayonunun nümunəvi təhsil ocaqlarından birinə--Şəhid Söhrab Rüstəmov adına Sabirkənd tam orta məktəbinə yollandıq. Məktəbin direktoru Gülnar Rüstəmova başda olmaqla kollektivin ağac əkini aksiyasını həyata keçirdiyinin şahidi olduq. Mübaliğəsiz demək olar ki, direktor bu tədris ocağında yüksək nizam-intizam yaratmışdır. Belə ki, müəllimlər məktəbə eyni uniformada, şagirdlərdə məktəbli formasında gəlir. Məktəbdə karantin rejiminə ciddi əməl olunur. Tədris ocağının həyətində Şəhid Söhrab Rüstəmovun büstü qoyulmuş, ətrafında gül-çiçək kolları əkilmişdir. Bir sözlə, həyətdə və məktəbin daxilində xüsusi səliqə-sahman hökm sürür.

Sabirkənd tam orta məktəbinin direktoru G. Rüstəmova 2003-cü ildən ixtisası üzrə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışır. 2018-ci ildə Dövlət Ümumtəhsil Müəssisələrinə Direktor Vəzifəsinə İşə Qəbul müsabiqəsində yüksək nəticə göstərərək adıçəkilən tədris müəssisəsinə direktor təyin olunmuşdur. Söhbət zamanı o bildirdi ki, dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  milli təhsilin inkişafına göstərdikləri qayğı biz pedaqoqları daha məsuliyyətlə işləməyə sövq edir. Hazırda ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsildə də kadr məsələsinə ciddi yanaşılır və tam şəffaf həyata keçirilir. Elə mənim tam şəffaf yolla direktor təyin olunmağım bunun bariz nümunəsidir. O, daha sonra vurğuladı ki, respublikamızda hər il onlarla köhnə məktəb binası yenilənib müəllim və şagirdlərin ixtiyarına verilir. Bu müqəddəs işdə Heydər Əliyev Fondunun xidmətlərini xüsusilə qeyd etmək lazımdır. 960 şagird yerlik Sabirkənd tam orta məktəbinin binası 2013-cü ildə tikilib istifadəyə verilmişdir. Məktəb müasir standartlara tam cavab verir. Məktəbdə kimya, fizika, biologiya laboratoriyaları, hərbi kabinet, kompüter otağı, idman zalı, 100 nəfərlik akt zalı və zəngin kitabxana fəaliyyət göstərir. İlk dərslər bütün siniflərdə “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunmuşdur. Təhsil ocağında 1136 nəfər şagirdin təlim-tərbiyəsi ilə 84 nəfər müəllim məşğul olur. Hazırda pandemiya qaydalarına əməl olunmaqla dərslər iki növbəli tədris olunur. 2020-2021-ci tədris ilində məktəbi 56 nəfər bitirmişdir. Məzunlardan 38 nəfəri qəbul üçün sənəd təqdim etmiş, 31 nəfər tələbə adını qazanaraq bir sıra nüfuzlu ali təhsil ocaqlarına qəbul olmuşdur. Ötən tədris ilində məktəbin məzunu İbrahimova Turanə İsa qızı 608 balla Polis Akademiyasına qəbul olmuşdur. Sabirkənd tam orta məktəbinin şagirdləri Respublika fənn olimpiadalarında uğurlu nəticələr əldə edirlər. Respublika fənn olimpiadasının rayon turunda məktəbin 11-ci sinif şagirdləri Əyyubov Fərid Elşən oğlu, Allahverdiyeva Günay Habil qızı, Musayeva Suqra Hacı qızı yüksək nəticələr əldə etmişlər. Günel Abdullayeva Azərbaycan Dillər Universitetinin İngilis dili müəllimliyi, Fərid Əyyubov və Suqra Musayeva isə BDU-nun filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olmuşdu. Aygül Eyyubova YÖS imtahanı verərək Türkiyə dövlət tibb universitetinin tələbəsi adını qazanıb. 2019-2020-ci tədris ilində məktəbin şagirdləri Respublika fənn olimpiadasının rayon turunda tarix fənnindən sevindirici nəticələr əldə etmiş, rayonda keçirilən idman yarışlarında qabaqcıl yerlərə layiq görülmüşlər. Voleybol, qaçış üzrə və “Şahin” idman oyunlarında qələbə qazanaraq qabaqcıl yerləri tutublar. Məktəbdə dahi şair və yazıçıların, görkəmli şəxsiyyətlərin yubileyləri, eləcə də digər tarixi günlər tədbirlər planına uyğun olaraq daim yüksək səviyyədə keçirilir. Bildiyimiz kimi, 2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 ili tamam olur. Bununla bağlı Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan olunmuşdur. Eyni zamanda saz, söz ustadı, haqq aşığı Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında dövlət başçısı 18 fevral 2021-ci il tarixli sərəncam imzalamışdır. Karantin qaydalarına əməl edilməklə hər iki şəxsiyyətin yubileyləri ilə bağlı silsilə tədbirlər keçirilir.

Müsahibənin sonunda məktəb direktoru əminliklə bildirdi ki, bu tədris ilində daha böyük uğurlar qazanmaq üçün kollektiv əzmlə çalışacaqdır.

Vəli VƏLİYEV,

“Respublika”.