Səməd Seyidov: Ermənistanın bir seçimi var - Azərbaycanla sülh bəyanatı imzalamaq, ölkələrimizin ərazi bütövlüyünü qarşılıqlı tanımaq
MÜSAHİBƏLƏR

Səməd Seyidov: Ermənistanın bir seçimi var - Azərbaycanla sülh bəyanatı imzalamaq, ölkələrimizin ərazi bütövlüyünü qarşılıqlı tanımaq

Ermənistandakı seçkilər təkcə bu ölkə üçün deyil, qonşu ölkələr üçün də mühüm hadisədir. Qonşu ölkələrdən birində baş verən hadisə digərində də əks-səda doğurur. Düz bir il əvvəl Ermənistan tərəfinin provokasiyaları nəticəsində əks-hücum əməliyyatına başladıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının ilk iş günüdə "Ermənistanda erkən parlament seçkilərinin müşahidə"si ilə bağlı müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidov bildirib: "Həqiqətən də çox maraqlıdır ki, erməni xalqı müharibədə ölkəni kapitulyasiyaya aparan, məğlubiyyətə düçar etmiş bir şəxsə səs verdi. Müharibədə ölkəni məğlubiyyətə aparmasına baxmayaraq, N.Paşinyanın partiyası xalqın səsini aldı. Minlərlə erməni əsgəri həlak oldu, ölkə fəlakətlə üzləşdi. Belə bir vəziyyət başqa ölkədə görünübmü? Xeyr. Amma bunun səbəbi var və bu səbəbi erməni xalqı arasında tapa bilərsiniz. Xalq Sarkisyan, Köçəryan və Ohanyan cinayətkar rejiminin əleyhinə səs verdi.

Üç il əvvəl N.Paşinyanın münaqişənin sülh yolu ilə həlli şansı olmasına baxmayaraq, o, bundan istifadə edə bilmədi və tarixi səhvə yol verdi. Sarkisyanın, Köçəryanın və Ohanyan rejiminin yolunu tutdu. Onun bu səhvi Ermənistanı bugünkü acınacaqlı vəziyyətə yuvarladı. Tarix ermənilərə ikinci şansı verdi. Ancaq nə görürük? Yenə hakimiyyətə gələnlər revanşizm ideyalarına yer verirlər, yenidən müharibədən danışırlar. Üç il əvvəl olan ideyaları yenidən gündəmə gətirirlər. Buna görə erməni həmkarlarıma müraciət edirəm: "Belə davranışı dayandırın. Belə davranışınızın ciddi nəticələrini gördünüz, ölkəni uçuruma apardınız. Bu gün bir seçiminiz var - Azərbaycanla sülh bəyanatı imzalamaq, ölkələrimizin ərazi bütövlüyünü qarşılıqlı tanımaq".

AZƏRTAC