Şəlalə Qasımlı: 28 il əvvəl şagird olarkən məcburən çıxdığım Cəbrayıl məktəbinə indi direktor kimi qayıdıram
Sosial həyat

Şəlalə Qasımlı: 28 il əvvəl şagird olarkən məcburən çıxdığım Cəbrayıl məktəbinə indi direktor kimi qayıdıram

Akademik Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbi zəngin tarixə malik təhsil müəssisəsidir. 1993-cü il avqustun 23-də Cəbrayıl rayonu işğal ediləndə mən həmin məktəbin 10-cu sinfini bitirmişdim. 2013-cü ildən isə bu təhsil müəssisəsinin rəhbəriyəm. 2020-ci il oktyabrın 4-ü işğal tarixini bizə unutdurdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı ordumuzun şücaəti və xalqımızın həmrəyliyi ilə 44 günlük Vətən müharibəsi zəfərlə başa çatdı, torpaqlarımız düşmən işğalından azad edildi.

Bu fikirləri AZƏRTAC-a Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbinin direktoru Şəlalə Qasımlı bildirib. O vurğulayıb ki, oktyabrın 4-də rayonumuzun işğaldan azad edilməsinin birinci ildönümündə Prezident İlham Əliyevin Cəbrayıla səfəri tarixi hadisə oldu.

"Çox xoşbəxtəm ki, akademik Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbinin rəhbəri olaraq təhsil ocağının təməlqoyma mərasimində mən də iştirak etdim. Bu təhsil ocağı Azərbaycanda açılan ilk üç məktəbdən biri olub", - deyə Şəlalə Qasımlı qeyd edib.

Məktəbin yaranma tarixi haqqında məlumat verən direktor deyib: "1876-cı il avqustun 5-də Qafqaz tədris idarəsinin baş idarəyə göndərdiyi məktubda Cəbrayıl qəzasının Cəbrayıl kəndində məktəbin açılması xahiş olunurdu. Dairə idarəsinin rəisi bunu ərazidə işləyən məmurların uşaqlarının təhsildən kənarda qalması ilə əsaslandırırdı. Məktubda o da göstərilmişdi ki, kənd icmaları məktəb üçün lazımi bina və müəllimlər üçün yaşayış evi tikməyi öz öhdələrinə götürürlər. Bu istək reallaşdı. 1876-cı ildə Cəbrayıl qəzasının Cəbrayıl kəndində birsinifli rus məktəbi fəaliyyətə başladı. Məktəb əvvəlcə yararsız, darısqal və rütubətli bir binada yerləşirdi. Bu dözülməz şərait məktəbə yeni şagirdlərin qəbulunu əngəlləyirdi. Bir çox çatışmazlıqlara baxmayaraq, Cəbrayılda yeni tipli həmin məktəb qəza ərazisində yeganə maarif, mədəniyyət ocağı sayılırdı. 1920-ci ilədək fəaliyyət göstərən məktəbin bazası əsasında dördsinifli məktəb yaradıldı və 1925-ci ildə beşsinifli məktəbə çevrildi. 1935-1936-cı dərs ilində Cəbrayıl beşsinifli ibtidai və kəndli-gənclər məktəblərinin bazasında orta məktəb təşkil olundu. 1939-cu ildə yeni məktəb binası istifadəyə verildi. 1944-cü ildə Cəbrayıl qəsəbə orta məktəbinə rus yazıçısı Maksim Qorkinin adı verildi. 1963-cü ildə şagird kontingenti 707 nəfərə çatdırıldı və həmin il yeni səkkizillik məktəb təşkil edildi".

Şəlalə Qasımlı diqqətə çatdırıb ki, Cəbrayıl şəhər orta məktəbi sovet dövründə respublika üzrə 11 qabaqcıl məktəbdən biri hesab olunurdu. 1976-cı ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin diqqət və qayğısı sayəsində məktəbin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Akademik Mehdi Mehdizadə ötən əsrin 40-cı illərinin sonlarında məktəbdə nümunə dərsləri demişdi və 1989-cu ildən məktəbə onun adı verilib. Cəbrayıl rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra məktəb Bakı şəhərinə köçürülüb, 1994-2013-cü illərdə fəaliyyətini Azərbaycan Texniki Universitetinin Hərbi kafedrasında davam etdirib. Hazırda məktəbimiz Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkün şəhərciyindəki Ağdam rayon 33 saylı orta məktəb binasında yerləşir".

Direktor qeyd edib ki, Birinci Qarabağ müharibəsində akademik Mehdi Mehdizadə adına şəhər tam orta məktəbin məzunları Çingiz Qasımov, Fuad Əsədov, Kazım Məmişov, Nurəddin Fətullayev, Ramiz Ağayev, Elmar Əliyev, Taleh İsmayılov, İlqar Mehdiyev, Vüqar Hüseynov, Rəşid Əliyev mənfur düşmənə qarşı mübarizədə qəhrəmancasına şəhid olublar. Son illərdə məktəbimiz istedadlı məzunları ilə seçilir, onların arasında alimlər də var. 2020-2021-ci tədris ilində ali məktəblərə qəbul olan məzunlarımız 84,2 faiz təşkil edib.

Cəbrayıla unudulmaz səfərinin təəssüratlarını bölüşən Şəlalə Qasımlı deyib: "Azərbaycan xalqı bu gün çoxəsrlik tarixinin şərəfli mərhələsini yaşayır. İşğaldan azad olunmuş şəhər və kəndlərimizin yenidən qurulması, bərpası və inkişafı prosesi sürətlə davam edir. Biz Cəbrayılda bunun əyani şahidi olduq. Mən doğma yurd yerimizdən şagird olarkən məcburən çıxmışdım. İndi isə oraya məktəbin direktoru kimi qayıtdım. Biz 28 illik ayrılıqdan sonra yenidən Cəbrayıla qovuşduq. Mənə və cəbrayıllılara bu xoş günləri yaşadan Müzəffər Ali Baş Komandana və şanlı ordumuza öz dərin minnətdarlığımı bildirirəm. Məktəbimiz fəaliyyətini tezliklə doğma torpaqda davam etdirəcək. Bu günü səbirsizliklə gözləyirik".

AZƏRTAC