Şəkinin böyük turizm potensialı var
Region

Şəkinin böyük turizm potensialı var

Ölkəmizin şimal-qərb regionu, o cümlədən Şəki şəhəri öz füsunkar təbiəti, gözoxşayan mənzərəsi, zəngin tarixi, maddi-mədəni irsin daşıyıcısı olan abidələri, unikal mədəni elementləri, ənənəvi sənətkarlıq və mətbəx mədəniyyəti ilə yerli və xarici turistlərin diqqətini cəlb edir. Demək olar ki, bütün turizm seqmentlərini özündə ehtiva edən Şəki son illərdə turizmin təşviqi ilə bağlı aparılan dövlət siyasəti kontekstində turizm potensialı baxımından müstəsna əhəmiyyətə malik olduğunu bir daha təsdiqləmişdir. Şəhərin əksər tarixi-memarlıq abidələrini, keçmiş bəy, tacir mülklərini, qədim küçələrini, hamamlarını, tağvari körpülərini əhatə edən Şəki "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun tarixi hissəsi 2019-cu il 7 iyul tarixində UNESCO Ümumdünya İrs Siyahısına daxil edilib. Qoruq ərazisində Qala divarları daxilində yerləşən, maddi-mədəni irsin əsas daşıyıcısı, 1762-ci ildə inşa edilən unikal Şəki Xan Sarayı turistlərin cəlb edilməsində ənənəvi lokomotiv rolunu oynamaqda davam edir.

Son dövrlərdə turizm sahəsində dövlət siyasətinin tərkib hissəsi kimi, bölgədə bu sahənin bir çox istiqamətlərinin inkişaf etdirilməsi Dövlət Turizm Agentliyinin əsas vəzifəsidir. Şəki Turizm İnformasiya Mərkəzi (Şəki TİM) 2019-2022-ci illər ərzində turizm potensialının geniş miqyasda aşkara çıxarılması və səmərəli şəkildə dəyərləndirilməsi üçün bir çox layihələr həyata keçirmişdir.

Şəki TİM-in direktor əvəzi Kamran Məmmədov bizimlə söhbətində qeyd etdi ki, nəzərdə tutulan proqramlara tarixi abidələri, ecazkar təbiət guşələrini, təbiət qoynunda yer alan istirahət mərkəzlərini, qədim, ənənəvi sənətkarlıq, yerli mətbəxi tərənnüm edən iaşə obyektləri, dağ-meşə cığırları ilə gəzinti daxildir. Şəkinin təbiətində yer alan heyvanlar və bitkilər aləminin tədqiqi və təbliğini əhatə edən tur proqramlarının, eləcə də şəhərin nümunəvi xidmət potensialı, qonaqlama və yerləşdirmə obyektləri haqqında prezentasiyalar hazırlanaraq ölkəmizdə fəaliyyət göstərən tur agentliklərə, şirkətlərə və digər turist cəlb edən subyektlərə prezentasiyalarla təqdim edilməsi də bu proqramın tərkib hissəsidir. Xarici və yerli blogerlərin və beynəlxalq KİV-lərin nümayəndələrinə yerli sənətkarlıq və qastroturizm subyektlərinə məxsus sexlərdə, iaşə obyektlərində info-turların, ustad dərslərinin təşkili və koordinasiya edilməsi də fəaliyyətimizə daxildir.

Eyni zamanda, vaxtaşırı turist yerləşdirmə, istirahət mərkəzləri, iaşə obyektləri ziyarət edilərək onların üzləşdiyi problemlər müəyyən edilir, onların həlli istiqamətində səlahiyyətlərimiz çərçivəsində addımlar atılır. Beynəlxalq və xarici ölkələrin Azərbaycandakı qurumlarının, layihələrinin, proqramlarının bölgə üzrə turizm sənayesi ilə bağlı fəaliyyətlərində təşkilatçı və ya əlaqələndirici qismində fəaliyyətimizi genişləndiririk. O cümlədən Şəki, Qax, Balakən üzrə turizm dağ marşrutları hazırlanmış, müxtəlif marşrutlar üzrə dağ cığırları işarələnmiş, müvafiq başlanğıc nöqtələrinə dağ marşrutlarının istiqamət nişanları vurulmuşdur.

Qeyd olundu ki, 2019-2022-ci illər ərzində bu istiqamətdə xeyli işlər görülmüşdür. Belə ki, Şəki bölgəsi üzrə fəaliyyət göstərən turizm sənayesi nümayəndələri özəl turizm qurumları və müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri və qurumlararası koordinasiyaya nail olmuşlar. Yerli və regional bir sıra dövlət qurumları ilə əməkdaşlıq şəraitində tədbirlər, görüşlər, maarifləndirici təlimlər həyata keçirilmişdir. Bununla yanaşı, Şəki bölgəsi üzrə fəaliyyət göstərən turizm subyektlərinin məlumat bazası yaradılmış və turizm təşviqat və tanıtım materialları Azərbaycan və ingilis dillərində hazırlanaraq regional marketinq siyasəti həyata keçirilmişdir. Şəkiyə səfər edən və informasiya almaq məqsədilə ofisə gələn yerli və xarici turistlərə turizm attraksionları barədə ətraflı məlumat verilir. Yerli, regional və ölkə miqyaslı fəaliyyət göstərən tur şirkətlər, agentliklər, operatorlar və bələdçilər tərəfimizdən koordinasiya edilərək yerli və xarici turistlərin turizm xidmətlərinə əlçatanlığı təmin edilir.

M.NƏRİMANOĞLU,

"Respublika".