Şəhidlik zirvəsi
Region

Şəhidlik zirvəsi

Aprel döyüşləri, Azərbaycan Ordusunun gücünü, hər an torpaqları azad etmək iqtidarında olduğunu, Azərbaycan əsgərinin vətənpərvər və qəhrəman obrazını nümayiş etdirdi. Bu döyüşlər zamanı Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrinin təxribatlarına tutarlı cavab verərək nəyə qadir olduğunu göstərdi. Həmin döyüşlərdə qələbə qazanmaqla yanaşı, biz şəhidlər də verdik. Şəhidlik zirvəsinə ucalıb adını tarixə yazdıran, ölümsüzlüyə qovuşan şəhidimiz Vaqif Bayramovun  ildönümüdür.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının sədri, Ağsaqqallar Şurasının sədri, millət vəkilinin köməkçisi və icra hakimiyyəti aparatının məsul əməkdaşları şəhidimizin ildönümü münasibətilə, şəhidin ailə üzvləri ilə birlikdə Vaqif Bayramovun və digər şəhidlərimizin  məzarını ziyarət ediblər. Şəhidlərimizin məzarı önünə tər gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov qeyd edib ki, Aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi və dördgünlük döyüşlərdə qazanılan qələbə xalqımızın orduya olan inamını daha da artırdı. Bəli, Aprel döyüşləri – böyük zəfərin müjdəçisi oldu.  Bununla yanaşı, Aprel döyüşləri göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri bütün parametrlərinə görə Ermənistan ordusundan üstündür və işğal altında olan torpaqları azad etməyə qadirdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərinin iştirakçıları ilə görüşdə demişdi ki, Aprel döyüşləri Azərbaycanın şanlı hərbi qələbəsidir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir: “Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”. Tarix bir daha bunu sübut etdi.  Sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətən müharibəsində qazanılan parlaq Qələbə bu gün Qafqaz regionunda Azərbaycanın maraqlarına cavab verən yeni geosiyasi reallıq yaradıb. Şəhər rəhbəri  sonda ölkəmizin hər yerində olduğu kimi, Naftalanda da şəhidlərin xatirəsinin daim əziz tutulduğunu və gənc nəslə hər bir şəhidin şücaətinin nümunə olduğunu bir daha diqqətə çatdırıb. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Vaqif Bayramov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. Sonra rəssam Elxan Əliyevin müəllifi olduğu, Xocavəndin Hadrut qəsəbəsində ucaldılmış “Dəmir yumruq” heykəlinin kiçik forması şəhidin xanımı Nuranə Bayramovaya təqdim edilib.

Tədbir Vaqif Bayramovun təhsil aldığı İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə davam edib. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları məktəbdə  şəhidlərin adını daşıyan siniflərlə də tanış olublar. Şəhid ailələrinin nümayəndələri, qazilər ölkə başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, döyüş iştirakçılarına diqqət və qayğısından söz açaraq, minnətdarlıqlarını ifadə ediblər. Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya dinlənilib. Vurğulamaq istəyirik ki, şəhid Vaqif Bayramovun qardaşı Mehman Bayramov da 1992-ci ildə torpaqlarımız uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Şəhid Vaqif Bayramovla və qardaşı Mehman Bayramovla  hər kəs fəxr edir, onlar gənclərə örnəkdir.

Zabit XƏLİLOV,

“Respublika”.