“ŞƏHİDLİK MANİFESTİ”NİN TƏQDİMATI
Sosial həyat

“ŞƏHİDLİK MANİFESTİ”NİN TƏQDİMATI

İstedadlı yazıçı-publisist Nurəddin Ədiloğlunun yeni kitabı Qarabağ müharibəsində şəhid olan Masallının igid, qəhrəman oğullarına həsr edilib. Kitaba Vətən müharibəsində şəhidlik məqamına yüksələn 61 igid əsgər və zabit haqqında bədii-publisistik məqalə və esselər, ümumilikdə, Qarabağ uğrunda savaşda həlak olan 246 döyüşçü barədə xronoloji məlumatlar daxil edilib. Ərazi bütövlüyümüz uğrunda həlak olanların xatirəsini əbədiləşdirmək məqsədilə qələmə alınmış “Şəhidlik manifesti” ölməz igidlərin ruhuna çox dəyərli töhfədir.

Masallı şəhərinin Heydər Əliyev Mərkəzində kitabın təqdimat mərasimi keçirilib. Mərasimdə rayon icra hakimiyyətinin rəhbərliyi, şəhid ailələri, millət vəkilləri, ictimaiyyətin nümayəndələri iştirak edirdi. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb parlaq xatirəsini ehtiramla yad ediblər.

Torpaqlarımızın işğaldan azad edilməsində canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov mərasimdə çıxış edərək bildirib ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə müzəffər ordumuz 44 günlük Vətən müharibəsində çağdaş Azərbaycan tarixinə yeni, parlaq səhifə yazıb. Müharibədə şəhidlik zirvəsinə ucalmış igidlər nəsillərə nümunə olan şərəfli ömür yaşayıblar. Bizə möhtəşəm, şanlı qələbəni bəxş edən bu ömür sahiblərini, mübariz qəhrəmanları hamıya tanıtmalıyıq,-deyə Ş.Məmmədov bildirib.

 “Şəhidlik manifesti”nin təqdirəlayiq addım olduğunu vurğulayan icra başçısı kitabın hazırlanmasında əməyi olanlara təşəkkür edib, bu  qiymətli nəşrin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətini, tədris ocaqlarında təbliğinin vacibliyini diqqətə çatdırıb.

Milli Məclisin üzvləri Məşhur Məmmədov, Anar İsgəndərov, “Regional hüquqi və iqtisadi maarifləndirmə” ictimai birliyinin sədri Arzu Bağırova, iki şəhid anası Ziba Əsgərova rayonda şəhidlərin xatirəsi şərəfinə abidə və bulaq komplekslərinin tikildiyini, məzarlarının müqəddəs ziyarətgaha çevrildiyini, keçdikləri şərəfli həyat və döyüş yolunun təbliğ olunduğunu söyləyiblər.

Kitabın müəllifi, yazıçı-publisist Nurəddin Ədiloğlu şəhid ailələri ilə görüşlərdə yaşadığı həyəcanlı anlardan, şəhidlərin vətənpərvərliyindən söhbət açıb, yazdığı kitabı şəhidlərin ruhu qarşısında hesabatı kimi dəyərləndirib. 

Müəllif kitabın ərcəyə gəlməsində zəhməti olmuş Milli Məclisin deputatı Məşhur Məmmədova, “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırovaya,  Masallı Təhsil Fondunun əməkdaşlarına dərin minnətdarlığını bildirib.

Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Nurəddin Ədiloğluna və Arzu Bağırovaya Fəxri fərmanlar təqdim edib. Mərasimdə şəhid ailələrinə və iştirakçılara kitablar hədiyyə olunub.

Əlisəfa HƏSƏNOV,

                                                                                                      “Respublika”.