Şəhidlərin xatirəsinə həsr olunmuş yürüş
Region

Şəhidlərin xatirəsinə həsr olunmuş yürüş

Qubada Vətən müharibəsi şəhidlərinin xatirəsi daim əziz tutulur. Torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıqla həlak olan vətən oğullarının adı əbədiləşdirilir. Şəhər, kənd və qəsəbələrdə küçələrə onların adları verilir, xatirəsinə parklar salınır, bulaqlar tikilir. Şəhərdə məktəblər Vətən Müharibəsi Qəhrəmanlarının adını daşıyır. Rayonun təhsil, mədəniyyət ocaqlarında, müəssisə və təşkilatlarında bir-birindən maraqlı tədbirlər həyata keçirilir.

Şəhərin Molla Pənah Vaqif küçəsində keçirilən yürüş də Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuşdur. Rayon İcra Hakimiyyəti və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən yürüşdə RİH rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və şəhər sakinləri iştirak etmişlər.

Tədbir iştirakçıları Şəhidlər xiyabanına gələrək şəhid məzarlarını ziyarət etmiş, üzərinə gül-çiçək dəstələri düzmüşlər. İştirakçılar qarşısında çıxış edən rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev və başqaları çıxış edərək xalqımıza tarixi Qələbəni, əbədi Zəfər sevincini yaşadan şəhidlərin xatirəsinin hər kəsin qəlbində əbədi yaşayacağını bildirmişlər.

Ziyafəddin BAYRAMOV,

"Respublika".