Şəhidlərin xatirəsinə həsr olunan veloyürüş keçirilib
Sosial həyat

Şəhidlərin xatirəsinə həsr olunan veloyürüş keçirilib

Sentyabrın 24-də Vətən müharibəsi qazilərinin iştirakı ilə şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Velosiped Federasiyasının (AVF) 27 Sentyabr - Anım Günü ilə bağlı təşkil etdiyi veloyürüşə 30 nəfərdən çox qazi, federasiyanın nümayəndələri və milli komandanın üzvləri qatılıb.

Öncə yürüş iştirakçıları İkinci Fəxri xiyabanı ziyarət ediblər. 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Daha sonra veloyürüşə "Azneft" dairəsindən start verilib. İştirakçılar Dənizkənarı Bulvarla hərəkət edərək Hərbi Qənimətlər Parkının qarşısında yürüşü başa vurublar.

Qazilər Hərbi Qənimətlər Parkını gəzib, Vətən müharibəsi zamanı düşmənin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat və digər sursata bir daha baxıb, 44 günlük Vətən müharibəsində Azərbaycan hərbçilərinin qəhrəmanlığından, keçdikləri döyüş yolundan danışıblar.

Sonda yürüş iştirakçıları "Zəfər" restoranında təşkil edilən çay süfrəsinə dəvət ediliblər.

AVF-də Qazilərlə iş bölməsinin rəhbəri, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev Azərbaycanda şəhid ailələri və qazilərə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərildiyini qeyd edib: "Həmin təbəqədən olanlara həssas münasibət dövlət siyasətinin əsas tərkib hissəsidir. Azərbaycan Velosiped Federasiyasında dövlət siyasətinə dəstək məqsədilə Qazilərlə iş bölməsi yaradılıb. Məqsədimiz qəhrəmancasına döyüşərək torpaqlarımızın işğaldan azad edilməsində əvəzsiz xidmətlər göstərən qazilərin və müharibə iştirakçılarının fiziki reabilitasiyası, idmanla məşğul olmaları, eləcə də həmin fədakar və iradəli insanların təcəssümündə cəmiyyətdə sağlam həyat tərzinin təbliğidir. Bugünkü veloyürüş idman federasiyaları arasında ilk belə tədbirdir. Bundan sonra da bu cür tədbirlərimizin davam etdirilməsi planlaşdırılır".

Vətən müharibəsi qaziləri - birinci qrup əlil Bəhlul Əliyev və Orxan Xıdırov şəhidlərimizin əziz xatirəsinə həsr olunan veloyürüşü qazilərə olan diqqətin bir nümunəsi kimi qiymətləndiriblər. Onlar veloyürüşün qazilərdə maraq yaratdığını və belə təşəbbüslərin davamlı olmasını arzuladıqlarını bildiriblər.

AZƏRTAC