Şəhidlərin müqəddəs xatirəsi ehtiramla anılır
Sosial həyat

Şəhidlərin müqəddəs xatirəsi ehtiramla anılır

CƏBRAYIL

27 sentyabr 2021-ci il tarixdə Anım Günü ilə əlaqədar olaraq ümumrayon tədbiri keçirilmişdir. 1000-ə yaxın rayon əhalisinin qatıldığı tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanları, şəhid ailələri, Qarabağ əlilləri, veteranlar, idarə-müəssisə rəhbərləri, ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Tədbir iştirakçıları öncə Şəhidlər xiyabanında şəhidlərin məzarlarını ziyarət edərək önünə gül dəstələri düzmüş, dualar oxuyaraq onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Şəhidlər abidə-kompleksinin qarşısında dövlət himninin səsləndirilməsi ilə davam etdirilən tədbirdə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciəti dinlənildikdən sonra Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və başqalırı çıxış edərək bildirmişlər ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusunun əsgər və zabitlərinin, hərbçilərinin qəhrəmanlığı nəticəsində xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlanmasından bir il keçir. Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda 44 gün davam edən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Bu birlik, həmrəylik nəticəsində torpaqlarımız işğaldan azad edilmişdir. Əlbəttə ki, bu yolda qalib Azərbaycan xalqı şəhidlər də verdi. Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərimizin xatirəsini uca tutur və dərin ehtiramla yad edir. Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik.

KÜRDƏMİR

27 sentyabrda Anım Gününə həsr olunmuş "Torpaq, uğrunda ölən varsa, Vətəndir" mövzusunda anım tədbiri keçirildi.

 Anım mərasimində Kürdəmir Rayon İcra Hakimiyyətinin əməkdaşları, İkinci Qarabağ müharibəsi qaziləri, Kürdəmir Rayon Gənclər və İdman İdarəsinin işçiləri, YAP Kürdəmir rayon təşkilatının Gənclər Birliyinin fəalları, Kürdəmir rayon UGİŞM-in əməkdaşları, Kürdəmir Rayon Heydər Əliyev Mərkəzinin, Kürdəmir Regional "ASAN xidmət" mərkəzinin, Kürdəmir Rayon Təhsil Şöbəsinin və Kürdəmir DAİM-in əməkdaşları və rayonun fəal gəncləri iştirak etdilər.

 İlk öncə Kürdəmir rayonunda yerləşən Şəhidlər xiyabanı kompleksi ziyarət olundu. Gənclər Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə qərənfillər düzdülər. Kürdəmir Rayon Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş igid Azərbaycan oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra gənclərə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında "Zəfərin sıra nəfərləri" sənədli filmi nümayiş olundu.

Tofiq HÜSEYN,

"Respublika".