Şəhidlərimizin xatirəsi  yad edilir
Digər xəbərlər

Şəhidlərimizin xatirəsi  yad edilir

Hüzn günündə ATU-nun rektorluğu, professor-müəllim heyəti, ictimai təşkilatların nümayəndələri və tələbələr universitetin əsas korpusunun qarşısında şəhid məzunların xatirəsinə ucaldılmış abidə-kompleksini ziyarət etmişlər. Burada universitetin 9 nəfər 20 Yanvar şəhidinin, 3 nəfər Qarabağ savaşında göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş həkimlərin, 18 nəfər isə Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş məzunlarımızın adı əbədiləşdirilib.

Universitetin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək bildirdi ki, 20 Yanvar qırğınlarındakı ədalətsizliyə, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalına qarşı çıxan xalqımıza olan haqsızlığa 2020-ci il noyabrın 8-də Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu sayəsində tarixi qələbə ilə başa çatan Vətən müharibəsində son qoyuldu.

1990-cı ilin Qanlı Yanvarında tibb işçiləri ilə yanaşı, universitetin tələbələri də böyük fədakarlıq göstəriblər. Onlar həyatlarını təhlükəyə, od-alovun qarşısına ataraq küçə və meydanlarda, xəstəxana və poliklinikalarda yaralıları xilas etməyə çalışıblar. Yadımdadır, şəhərdə güllə səsi eşidiləndən az sonra professor Vaqif Şadlinskinin təşəbbüsü ilə bir neçə nəfərlə Semaşko adına xəstəxanaya getdik, Kliniki Eksperimental Cərrahiyyə İnstitutunda, Travmatologiya İnstitutunda, 28 May metrostansiyası yaxınlığındakı Dəmir yolu xəstəxanasında, 4 nömrəli şəhər xəstəxanasında və "Salyan kazarması" tərəfdə olduq. Yaxından tanıdığımız bəzi həkimlərin yaşadığı ünvana xəbər göndərib onların təcili xəstəxanalara gəlişini təşkil etdik. Bir çox həkimlər, sıravi tibb işçiləri, həkim olmaq arzusu ilə təhsil alan tələbələrimiz özləri xəstəxanaya gəlirdilər.

Yaralılar gecə saatlarında xəstəxanaya daxil olmağa başladı və Kliniki Eksperimental Cərrahiyyə İnstitutunda gecə saat 2-də aparılan ilk əməliyyatın şahidi olduq. Əməliyyatlar bir-birinin ardınca keçirilirdi. Səhərə yaxın xəbər tutduq ki, başqa xəstəxanalarda da vəziyyət eynidir. Mirqasımov adına klinik xəstəxananın həkimi C. Atakişiyev bildirdi ki, güllə yarası alanlardan savayı, qazla zəhərlənmə ilə bir çox vətəndaşlar qəbul ediblər. Şöbəyə 38 yaralı daxil olmuşdu ki, onlardan 6-sı əməliyyata çatmamış dünyalarını dəyişdi. Xatırladım ki, bu müdhiş şənbə gecəsində küçə, prospekt və meydanlara gələrək Elçin İmanov kimi yaralılara ilkin tibbi yardım göstərərkən 8 nəfər tələbəmiz şəhidlik zirvəsinə yüksəlmişdi.

Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. 1990-cı il 20 Yanvar faciəsi müasir Azərbaycan tarixinə öz həyatlarını azadlıq və müstəqillik üçün qurban vermiş şəhidlərin anım günü kimi həkk olundu. 33-cü ildönümünü böyük qurur hissi ilə qeyd etdiyimiz Yanvar hadisələri müstəqil Azərbaycanın yaradılması yolunda mayaka çevrildi. Bu azadlıq mücadiləsi 30 ilə yaxın ermənilərin tapdağı altında inləyən Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə nəticələndi. Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan var: Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların uyuduğu Şəhidlər Xiyabanıdır. Hər il olduğu kimi, bu il də yanvarın 20-də bu xiyabanı minlərlə insan ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş oğul və qızlarımızın əziz xatirəsi ehtiramla xatırlanır. Məmnunluq doğuran odur ki, nəsillər dəyişsə də Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayır.

Şöhrət QASIMOV,

ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının dosenti.