Şəhidlər qürur yerimizdir
Region

Şəhidlər qürur yerimizdir

Vətən müharibəsi şəhidi Həsən Həsənovun doğum günü ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov,  şəhidin ailə üzvləri  Şəhidlər Xiyabanını ziyarət etdilər. Ziyarət zamanı şəhid Həsən Həsənovun və şəhidlərin məzarları ziyarət olundu. 

Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailə üzvlərinə başsağlığı verib səbir dilədi. Belə igid, qəhrəman oğul böyütdüklərinə görə onlara təşəkkürünü bildirdi. Ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışdı. Bu qayğının hər yerdə olduğu kimi, Şirvan şəhərində də davam etdirildiyini, bundan sonra da hər bir şəhidin ailəsinin, övladlarının  dövlət qayğısı ilə əhatə olunacağını vurğuladı.

Şəhidin həyat yoldaşı Qəriyyə xanım övladlarını atalarının qəhrəmanlığı və vətənpərvərliyi ruhunda tərbiyə etdiyini dilə gətirdi. Həyat yoldaşı haqqında xoş xatirələrindən danışdı. Ailəyə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə elədi.

Mərasim Şəhid Həsən Həsənovun ailəsinin yaşadığı ünvanda xatirə bulağının açılışı ilə davam etdirildi. Mərasimdə  Dövlət Himni səsləndikdən sonra  Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Açılış mərasimində çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva xatirə bulağının inşasında əməyi olan hər kəsə təşəkkürünü bildirdi. Şəhidin ailə üzvlərinə və yaxınlarına başsağlığı verib, şəhidin ailəsinə icra hakimiyyətinin xatirə hədiyyəsini təqdim etdi. Açılış mərasimində şəhid Həsən Həsənovun anası Məryəm xanım Həsənova, həyat yoldaşı Qəriyyə xanım çıxış edərək tədbirdə iştirak edənlərə təşəkkürlərini bildirdilər.

2 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında şəhid Həsən Həsənovun əziz xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiyıa göstərildi.  Xatirə bulağı abidəsi önünə gül-çiçək dəstələri qoyuldu.

                                           Tofiq HÜSEYN,

“Respublika”.