“ŞƏHİDLƏR BULAĞI”
Sosial həyat

 “ŞƏHİDLƏR BULAĞI”

Şəhid Elçin Novruzov Hüseynhacılı kəndində dünyaya göz açıb. Şəhidin doğum günündə xatirəsinə ucaldılan “Şəhidlər bulağı” abidə-kompleksinin açılışı olub.

Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.

Əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımızın şücaətindən, igidliyindən ətraflı söhbət açıb. Bildirib ki, ümummilli liderin layiqli varisi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və qüdrətli ordumuzun qəhrəmanlığı, əzmkarlığı sayəsində ölkəmizin ərazi bütövlüyü təmin edilib, şəhidlərimizin qisası alınıb. Bu şanlı qələbəni bizə yaşadan şəhidlərimizin ruhu qarşısında borcluyuq, -deyə Ş. Məmmədov bildirib. 

Hüseynhacılı kənd ümumi orta məktəbinin direktoru Yadigar Şəmmədov şəhidin qısa və mənalı ömür yolundan danışıb. Bildirib ki, Elçin Hüseynhacılı kənd ümumi orta və Öncəqala kənd tam orta məktəblərində təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb və intizamlı, nümunəvi əsgər kimi tanınıb.

Elçin Novruzov 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusunun düşmənin hücumlarının qarşısını almaq üçün həyata keçirdiyi əks-hücum əməliyyatlarında könüllü iştirak edib. Füzuli istiqamətində düşmən səddinin yarılmasında cəsarəti, igidliyi ilə seçilib. Həmin döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Elçinin ən böyük arzusu torpaqlarımızı azad görmək idi. Təəssüf ki, böyük qələbəmizi görmək ona qismət olmadı, -deyə Yadigar müəllim bildirib. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Elçin Novruzov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Tədbirdə Viləş kənd sakini,  iki şəhid anası Ziba Əsgərova çıxış edərək övladlarının qəhrəmanlıqlarını yüksək qiymətləndirdiklərinə və göstərdikləri dövlət qayğısına görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib.

 Hüseynhacılı kənd ümumi orta məktəbinin şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş şeirlər səslənib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ş.Məmmədov tədbirdə iştirak edən əsgər və qazilərlə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Mərasim iştirakçıları “Şəhidlər bulağı” abidə-kompleksinin önünə  gül dəstələri düzüblər. Hüseynhacılı kənd qəbiristanlığında uyuyan şəhid Elçin Novruzovun parlaq xatirəsi ehtiramla yad edilib.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.