Şəhidlər and yeri, qürur zirvəsidir
Region

Şəhidlər and yeri, qürur zirvəsidir

Tarixə 44 gün davam edən müharibə kimi düşən Vətən uğrundakı savaşda ordumuz əks-hücum əməliyyatı ilə Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam qurğularını darmadağın edərək həmin sədləri yarıb keçib. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız Ali Baş Komandanın qətiyyəti, qəhrəman əsgər və zabitlərimizin qanı-canı bahasına işğalçılardan təmizlənib.

Qələbəni əldə etmək çox çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənib, istehkamlar qurub, səngərlər, sığınacaqlar qazaraq özlərini bu yerlərin sahibi kimi aparırdılar. Bütün bunlara baxmayaraq, rəşadətli Azərbaycan hərbçiləri qəhrəmanlıqla, peşəkarlıqla, Vətən sevgisini bayraq kimi başları üzərinə qaldıraraq bütün bu maneələri, keçilməz sədləri dəf edərək düşməni ağır və biabırçı məğlubiyyətə uğradıblar.

Şanlı Qələbə ilə başa çatan Vətən müharibəsində Azərbaycan əsgəri sözün əsl mənasında xalqımızın hərb və qürur tarixini  yazıb. Torpaqlarımızı işğal edərək otuz ilə yaxın əsarətdə saxlayan Ermənistan ordu hissələrinə sarsıdıcı zərbələr vuraraq doğma yurd yerlərimizi işğalçılardan xilas edib. Şəhidlər və qazilər! İndi bu ad Azərbaycanda şərəfin və qürurun rəmzinə çevrilib. Adı and yerinə çevrilən, igidliyi dastanlara sığmayan şəhid  Amil Hüseynov Vətən müharibəsində ata-babaların qəhrəmanlıq ənənəsini qeyrətlə davam etdirib.

Amil 1986-cı il avqustun 16-da Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. Yeddi yaşı olanda erməni vəhşiliyinin şahidi olub. Ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşıb. Valideynlərinin və həmyerlilərinin yurd həsrəti onun uşaq qəlbində təlatüm yaradıb, ürəyi düşmənə nifrət hissi ilə döyünüb. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrılıb. Amil 2004-2006-cı illərdə Azərbaycan sülhməramlı qüvvələrin tərkibində Kosovoda hərbi xidmətdə olub. Gənc yaşlarında qərib ölkədə sülhün və əmin-amanlığın yaradılmasında iştirak edib. Maraqlı, həm də məsuliyyətli xidmət illəri başa çatıb.

Qeyd edək ki, Amil orta məktəbdə oxuduğu illərdə  idmanın karate növü ilə məşğul olub. Respublikada və xarici ölkələrdə keçirilən yarışlarda iştirak edib. İdman nailiyyətləri qazanıb, respublika çempionu olub. Nə qədər uğur qazansa da işğal altında qalan torpaqlarımız onun ürəyini sıxıb. Qəti qərara gələrək 2010-cu ildə Azərbaycan Respublikasının Daxili Qoşunlarında müddətdən artıq xidmətə başlayıb. Gündən-günə hərbi təcrübəsini artırıb, döyüş hazırlığına nail olub. Sonra, milli ordu sıralarında kəşfiyyat bölüyündə xidmətini davam etdirib. 2013-cü ildə qardaş Türkiyədə kəşfiyyatçıların təlimində iştirak edib.

Vətən müharibəsi başlayanda Amil döyüşlərin ön xəttində olub. Peşəkar kəşfiyyatçının gətirdiyi məlumatlar əks-hücum əməliyyatlarında xüsusi yer tutub. Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə Amil şücaət göstərib, düşmənin canlı qüvvəsini məhv edib. Oktyabrın 10-da Amil ağır döyüşdə həlak olub.

Şəhid Amil Hüseynovun ad günü onun məzarı başında qeyd edilib. Anım mərasimində şəhidin ailəsi ilə yanaşı, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları, Əhmədalılar kənd ziyalıları və Vətən müharibəsi qaziləri iştirak ediblər. Mərasimdə qeyd olunub ki, Vətən müharibəsində qazanılan parlaq qələbədə şəhidlərin fədakarlığı heç zaman unudulmayacaq. Şəhidlər bizim and yerimiz, fəxrimiz, qürurumuzdur. Şəhidlərə Azərbaycan xalqının qəlbində mənəvi abidə ucaldılıb, onların ruhu həmişə zirvələrdə dolaşacaq. Şəhidin ailəsi dövlət tərəfindən himayəyə götürülüb.

Qalib Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Amil Hüseynov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Adınız həmişə ürəklərdə yaşayacaq, qəhrəmanlığınız dastanlara çevriləcək Vətən sevdalı şəhidlər! Haqqın, igidliyin, qürurun və şərəfin zirvəsinə ucalmısınız,  gələcək nəsillər qəhrəmanlığı sizdən öyrənəcək!

                                               Salman ALIOĞLU,

                                                                   “Respublika”.