ŞƏHİDİN YENİ DOĞULAN ÖVLADINA ANAY ADI VERİLİB
Sosial həyat

ŞƏHİDİN YENİ DOĞULAN ÖVLADINA ANAY ADI VERİLİB

Doğma vətənimizin bütövlüyü uğrunda  44 gün davam edən bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, qürur mənbəyimiz kimi şanlı tariximizə əbədi həkk olundu. Bu müharibədə rəşadətlə döyüşən, düşmənə göz açmağa imkan verməyən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti isə öz mübarizliyi ilə yenilməzlik simvoluna çevrildi.

Hər bir vətən övladı igidliyin, cəsarətin, qorxmazlığın nümunəsini yaratdı, qəhrəmanlıq salnaməsi yazdı. Müharibə heç vaxt itkisiz olmur, həm də torpaq uğrunda ölən varsa, Vətəndir. 44 günlük Vətən müharibəsində oğullarımız ölümün gözünə dik baxdılar, şəhadət zirvəsinə ucaldılar. İşğaldan azad olunmuş vətən torpaqlarımız şəhidlərimizin qanı ilə daha da müqəddəsləşdi. Şəhidlərimizin qanı yerdə qalmadı, hər birinin qisası döyüş meydanlarında alındı.

Bu gün şəhid ailələri, övladları dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Vətənin azadlığı uğrunda canından keçərək müqəddəs Şəhidlik məqamına yüksəlmiş Fərid Nağıyevin qız övladı dünyaya gəlib. Dünyaya göz açan şəhid balasına atasının arzusuna uyğun olaraq Anay adı verilib. Xəstəxanadan evə yola salınma münasibətilə Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının nümayəndələri tərəfindən mərasim düzənlənib. Onlar şəhidin həyat yoldaşına və ailə üzvlərinə gözaydınlığı vermiş,  şəhid qızına sağlam və xoşbəxt həyat arzulayıb hədiyyələr təqdim etmişlər.

Qeyd olunmuşdur ki, ölkəmizdə şəhid ailələri və qazilərin qayğıları dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə hər kəsə dərin minnətdarlıqlarını bildirmişlər. Xəstəxanadan evə gəlmiş ana və uşaq hazırda özlərini yaxşı hiss edirlər.

Zabit XƏLİLOV,

“Respublika”.