Şəhidin xatirəsinə idman yarışı
Region

Şəhidin xatirəsinə idman yarışı

Baş çavuş Vüsal Dəmirov 2014-cü ildən "N" saylı hərbi hissədə müddətindən artıq xidmətini davam etdirəndə də Vətənə, torpağa məhəbbəti, döyüş texnikaları ilə hərəkət qabiliyyət və bacarığına görə hamının diqqətində olan nümunəvi bir hərbçi idi. Buna görə də hərbi hissənin komandanlığı tərəfindən 20-yə qədər fəxri fərman, qiymətli hədiyyələrə, dəyərli mükafatlara layiq görülmüşdür. Hətta müdafiə naziri şəxsən ona mükafat olaraq qol saatı da təqdim etmişdi.

Əgər yolunuzu Vüsalgilin evindən salsanız orada kiçik, amma səliqə- sahmanlı otağa baş çəkib bu gün adı şəhidlik zirvəsində qızıl hərflərlə həkk olunan Vüsal Dəmirovun keçdiyi şərəfli ömür yolunun unudulmaz xatirəsini özündə əks etdirən mənəviyyatca çox-çox zəngin, lakin tutumca balaca olan muzeyindəki şəkillər, fəxri fərmanlar, mükafatlar, qiymətli hədiyyələrlə yazılan kiçik xatirələrlə tanışlıq sizi qiyabi olaraq bu igidin hərb yoluna işıq salacaq.

Balaca muzeylə tanışlıq, Vüsalın anası Nüşabə ananın xatirələri bu igidin döyüş yolunu gözlərimiz qarşısında canlandırdı. Ötən ilin Aprel və Tovuz döyüşlərindəki qəhrəmanlıqlarıydı elə Vüsalı Vətən müharibəsində də daha böyük cəsurluqla döyüşməyə həvəsləndirən. Füzulinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə idarə etdiyi BTR-lə düşmənə qan udduran Vüsal düşmən tərəfindən sərrast snayper gülləsinə tuş gəlir.  

Şəhid Vüsal Dəmirovun ad günü bu günlərdə İsmayıllı şəhərindəki Şəhidlər Xiyabanındakı məzarı önündə qeyd olunub. Mərasimdə şəhidin ailəsi, qohumları, əzizləri ilə yanaşı rayon icra hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin, rayon gənclər və idman idarəsinin əməkdaşları, döyüş yoldaşları iştirak ediblər. Xatirəsi ehtiramla yad olunub, məzarı üstünə əklil və gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Daha sonra tədbir İsmayıllı Olimpiya kompleksində davam etdirilib. Axı, Vüsal idmana da çox maraqlı gənclərdən olub. İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Cüdo idman növü üzrə Vətən müharibəsi şəhidlərinin və şəhid Vüsal Dəmirovun əziz xatirəsinə həsr olunmuş İsmayıllı Rayon açıq birinciliyi keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd Vətən müharibəsi şəhidlərinin qəhrəmanlığını idmançılar arasında təbliğ etmək, yeniyetmə və gənc idmançıların vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə nail olmaq, rayonda cüdo idman növünün inkişafı, kütləviliyinin təbliği və təşviqi təşkil edib. Vətən uğrunda Füzulinin azad olunmasına görə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş Vüsal Dəmirov da vaxtilə məhz bu kompleksdə bir sıra yarışlarda çıxış edib.

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov şəhid Vüsal Dəmirovun keçdiyi şanlı döyüş yolundan söz açdı.

Açıq rayon birinciliyinin açılışında RİH başçısı Nahid Bağırov, RİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova, İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov, Azərbaycan Cüdo Federasiyasının rayon bölməsinin sədri Əkbər Şəfaqətov, İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Xamis Bədəlov, ictimaiyyətin nümayəndələri, şəhidin yaxınları, döyüş yoldaşları və İkinci Qarabağ müharibəsi şəhidlərinin valideynləri və digər qonaqlar iştirak ediblər.

Gərgin və yüksək iradə nümayişi ilə keçən yarışın yekununda qaliblər tutduqları yerə uyğun olaraq medal və diplomlarla mükafatlandırılıb. Şəhidin anası Nüşabə Dəmirova tərəfindən İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və əməkdaşları hədiyyələrlə təltif ediliblər.

Onu da qeyd edək ki, Azərbaycan Ordusunun 100 illik yubileyi münasibətilə keçirilən paradda iştirak etməsi, 2020-ci ilin avqust ayının 24-də keçirilən Azərbaycan-Türkiyə döyüş atışlı təlimin fəal iştirakçısı olub fəxri fərmanla, qol saatı ilə mükafatlandırılması da Vüsalın ömür kitabının ən unudulmaz xatirələridir. Təəssüflər olsun ki, ömrünün cəmi 27 baharanı görüb şəhid Vüsal Dəmirov. Bax, iyirmi yeddinci baharından bir qədər sonra cismən olmasa da ruhən qələbə vüsalına da qovuşub Vüsal.  Həm də ən uca zirvədə Şəhidlik Zirvəsində.

Rasim AMANOV,

“Respublika”.