Şəhidin xatirəsi əbədiləşdirilib
Region

Şəhidin xatirəsi əbədiləşdirilib

Vətən müharibəsində qəhrəmanlıqla həlak olan igid döyüşçülərimizdən biri də Məmmədov Ürfan Çingiz oğludur.

Ürfan Məmmədov Qubanın Çartəpə kəndində doğulub boya-başa çatıb. Həqiqi hərbi xidmətini başa vurandan sonra yenidən ordu sıralarında xidmətini davam etdirib. Müharibə başlayan ilk dəqiqələrdən döyüşlərə qatılıb. Qəhrəman gizir Vətən müharibəsində Suqovuşan və Talış istiqamətində ağır döyüşlərdə iştirak edib. Ürfan Məmmədov Talış kəndində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Çartəpəlilər torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən oğlunun xatirəsini daim əziz tuturlar. Bu günlərdə şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə kənddə bulaq kompleksi istifadəyə verilib. Kompleksdə Ürfanla yanaşı, Birinci Qarabağ savaşında şəhid olan kənd sakinlərinin də xatirə lövhəsi yer alıb. Kompleksin açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər. Bulaq-abidə kompleksinin açılış mərasimində çıxış edənlər 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi Qələbədən söz açıblar. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanları, canları bahasına torpaqlarımızı azad ediblər. Şəhid qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaqdır.

Şəhid valideynləri və kənd ağsaqqalları Ürfanın keçdiyi döyüş yolundan, yüksək vətənpərvərlik hissindən danışıblar. Çıxışlarda vurğulanıb ki, şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.

Sonda məktəblilər Vətənə və şəhidlərə aid şeirlər səsləndiriblər.

Ziyafəddin BAYRAMOV,

"Respublika".