Şəhidin uyuduğu torpaq da müqəddəsdir
Region

Şəhidin uyuduğu torpaq da müqəddəsdir

Yaşasaydı, 29 yaşını qeyd edəcəkdi. Ancaq bu, ona qismət olmadı. Ad günü uyuduğu müqəddəs məkanda—boya-başa çatdığı Yardımlı rayonunun Çayüzü kəndinin qəbiristanlığında qeyd olunub. Bu möhtəşəm məclisə Yardımlı Rayon İcra Hakimiyyəti, rayon təhsil şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsi, polis şöbəsi və Yardımlı Xeyriyyə Cəmiyyətinin nümayəndələri, ağsaqqallar, ziyalılar, Çayüzü kəndinin sakinləri, şəhid ailələrinin üzvləri, yerli şairlər, qonaqlar toplaşıblar.

Yardımlı Xeyriyyə Cəmiyyətinin koordinatoru Əsədulla Sadıqov tədbirdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Tural Elşan oğlu Aslanov barədə ətraflı məlumat verib. Bildirib ki, Tural 2013-cü ildə həqiqi hərbi xidmətə çağırılıb və xidmət etdiyi müddətdə leytenant rütbəsinə yüksəlib. 2015-ci ildə müqavilə müddəti bitdiyi üçün ordudan tərxis olunub. Vətən müharibəsində iştirak edib igidlik, şücaət göstərib, 2020-ci il noyabr ayının 5-də Şuşanın alınması uğrunda gedən döyüşlərdə şəhadətə yetişib. Ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. 

Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant Rövşən Süleymanov çıxış edərək bildirib ki, haqq davamızda zabitlər öndə gedirdi, hələ iyul ayında Polad Həşimov kimi cəsur, igid generalı itirdik. Neçə-neçə yüksək rütbəli zabit Vətən, torpaq uğrunda canından keçdi. Gənc leytenant Tural Aslanov da “Arxamca irəli!” komandasını verib öndə gedən zabitlərdən idi. Həyat yolu gənclərimizə örnəkdir. Ruhu daim şad olsun.

Vətən müharibəsi başlananda Tural Aslanov Veysəloğlu Şirkətlər Qrupunun “OBA” marketlər şəbəkəsində çalışırdı. Müharibəyə səfərbərliyə alınandan sonra şirkət hər ay onun əməkhaqqını ödəyib, şəhid olandan sonra da əməkhaqqını valideynlərinə çatdırır. Şirkətin nümayəndələri hər bayramda onun ailəsini ziyarət edir. Yardımlı Rayon İcra Hakimiyyəti, YAŞAT Fondu və bir sıra təşkilatlar şəhidin ailəsinə qayğı göstərirlər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinin rəisi, polkovnik-leytenant Yusif Əhmədov Tural Aslanovun vətənpərvərliyindən, döyüşlərdə igidliyindən, fədakarlığından danışıb.

Yardımlı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əli İskəndərov, təhsil şöbəsinin əməkdaşlarından şair Mirnəzər Mirkazımlı və Pənah Dumanoğlu, qiraətçilərdən Abdul Əsgərli, Eynulla İsmayılov, Gündüz Manafov, şairlərdən Sakit İlkin və İqbal Nəhmət şəhidin döyüş yolundan, qəhrəmanlığından söhbət açıblar. Rəssam-heykəltəraş Zahir Məlikli şəhidin iri portretini çəkəcəyini bildirib.

Çayüzü ərazi vahidliyi üzrə icra nümayəndəsi Elvin Cəbiyev, axund Hacı Valeh, sahibkar və xeyriyyəçi Hacı Namiq Əkbərov şəhidliyin uca məqamı, Turalın vətənpərvərliyi, igidliyi barədə danışıblar. Sonra tanınmış şair İqbal Nəhmətin şəhid atasına həsr etdiyi şeir səsləndirilib.

Vətən müharibəsində bir ayağını itirmiş və amputasiya olunmuş Nicat Sultanlıya oturmaq üçün stul qoyulsa da, şəhidin məzarı önündə ayaq üstə duraraq möhtəşəm qələbəmizdən, zəfər tariximizdən ürək dolusu danışıb, şəhid atasına Allahdan səbir diləyib.

Turalın atası Elşan Aslanov şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirib.

Şəhidin məzarı üstünə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub. Turalın ruhu, uyuduğu torpaq hər birimiz üçün əzizdir, müqəddəsdir. Cənnətdə ilk mövludun mübarək, şəhidim!

Əlisəfa HƏSƏNOV,

“Respublika”.