Şəhidin adını daşıyan  sinif
Sosial həyat

Şəhidin adını daşıyan  sinif

Şirvan şəhər ümumtəhsil  məktəblərində şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, qəhrəmanlıqlarının təbliği, şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksədilməsi məqsədilə tədbirlər  keçirilir, ən qabaqcıl siniflərə şəhidlərimizin adları verilir.

Bu günlərdə Şirvan şəhər 13 nömrəli tam orta məktəbdə şəhid Röyal Məmmədovun əziz  xatirəsinə həsr olunan sinif otağı açıldı.
Anım tədbirində şəhidin atası Misil Məmmədov və ailə üzvləri, qazilər, şəhər icra hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev, pedaqoji kollektiv  və şəhidin sinif yoldaşları iştirak etdilər.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Aynurə Rzayeva Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və yenilməz Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində tarixi Zəfərin qazanılması ilə nəticələnən 44 günlük Vətən müharibəsindən bir il ötdüyünü qeyd etdi. Direktor milli tariximizə qızıl hərflərlə əbədi həkk olunan möhtəşəm qalibiyyəti xalqımıza yaşadan bütün igid əsgər və zabitlərimizlə qürur duyduğunu bildirdi.
Tədbirdə şəhər icra hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək Azərbaycanın suverenliyi və xoşbəxt gələcəyi yolunda yüksək fədakarlıq və şücaət göstərən Röyal kimi qəhrəman oğulların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını vurğuladı. Vətənə, xalqa və dövlətə layiqli övlad yetişdirən Röyal Məmmədovun atasına  dərin ehtiramını bildirən Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev tədbirdə iştirak etdiklərinə görə şəhidin ailə üzvlərinə və döyüş yoldaşlarına təşəkkürünü bildirdi.
Şəhid Röyal Məmmədovun əziz xatirəsinə həsr olunan, “Röyalım, nə gözəl cənnətin vardır” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Daha sonra şəhidin əziz xatirəsinə həsr olunmuş xatirə lövhəsinin və Röyal Məmmədovun adını daşıyan sinfin açılışı oldu.
Şəhidin sinif yoldaşları Röyal ilə bağlı xatirələrini bölüşərək, onun uşaqlıqdan Vətənə olan sonsuz sevgisindən və ən böyük arzularından birinin Şuşanın azadlığını görmək olduğundan danışdılar.
Röyal Məmmədovun sinif rəhbəri Vüsalə Məmmədova Röyalın nizam-intizamlı, vətənpərvər, mərhəmətli və ağıllı şagird  olduğunu, müəllimlərinə dərin hörmət və ehtiramla yanaşdığını, bildirdi və məktəbin  ən dəyərli məzunlarından biri kimi Röyal ilə hər zaman qürur duyduğunu  bildirdi.

                                      Tofiq HÜSEYN,

                                     “Respublika”.