ŞƏHİDİN AD GÜNÜNDƏ AİLƏSİ ZİYARƏT OLUNUB   
Sosial həyat

ŞƏHİDİN AD GÜNÜNDƏ AİLƏSİ ZİYARƏT OLUNUB   

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin, Kəlbəcər rayon Polis şöbəsinin rəisi Haxverdi Əkbərovun, RİH-in məsul əməkdaşlarının və şəhidin doğmalarının iştirakı ilə şəhid Əliyev Arif Ağalar oğlunun ad günündə məzarı ziyarət edilərək, üstünə tər gül dəstələri qoyulmuşdur.

Sonra şəhid Arif Əliyevin ailəsi ziyarət edilmişdir. Şəhidin şərəfli həyat yoluna nəzər salan dövlət rəsmiləri, onun dövlətə və dövlətçiliyə sədaqətindən əhatəli danışaraq, əbədi yaddaşlarda qalacağını və xoş xatirələrlə anılacağını diqqətə çatdırdılar. Rayon rəhbəri ailənin  qayğıları ilə maraqlanmışdır.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki,  işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu şəhid olmuşdur. İyunun 14-də Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamı ilə işğaldan azad olunan ərazilərdə vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən həlak olmuş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Zabit XƏLİLOV,

“Respublika”.