Şəhid və qazilərin övladlarına məktəb ləvazimatları hədiyyə olunub
Sosial həyat

Şəhid və qazilərin övladlarına məktəb ləvazimatları hədiyyə olunub

Respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda qəhrəmancasına vuruşaraq canından və sağlamlığından keçən şəhidlərin və qazilərin övladlarının qayğıları da dövlətimizin daim diqqət mərkəzindədir. Onların istirahəti, asudə vaxtlarının səmərəli təşkili, qayğı və problemlərinin həlli üçün mütəmadi tədbirlər görülür.

Yeni tədris ilinin başlanması münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid və qazilərin məktəbli övladlarına forma və zəruri dərs ləvazimatları hədiyyə olunub.

Şəki Heydər Əliyev Mərkəzində şəhər rəhbərliyinin, şəhid və qazi övladlarının, valideynlərin, təhsil işçilərinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov dövlətin şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan danışaraq şəhid və qazilərin məktəbli övladlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Bildirilib ki, düşmən tapdağı altında olan ərazilərimizin işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən şərəfli səhifəsinə çevrilib. Zəfər bayramı xalqımızın iftixar və qürur mənbəyinə çevrilib. Bu müqəddəs yolda canlarından keçən şəhidlərin övladları xalqımıza əmanətdir və onların qayğısız böyümələri və təhsil almaları üçün dövlətimiz dəstəyini göstərir və daim göstərəcək.

"Vətən naminə" İctimai Birliyinin Şəki təşkilatının rəhbəri, şəhid anası Gülnarə Mustafayeva, Vətən müharibəsi iştirakçısı, qazi Asif Məmmədəliyev, şəhər icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Məmmədov çıxış edərək şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, məktəblilərə təhsildə uğurlar arzulayıblar.

Tədbirdə Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin xor kollektivi çıxış edib və şəhid övladlarına həsr edilən klip nümayiş olunub.

M.NƏRİMANOĞLU,

"Respublika".