Şəhid uyuyan torpaq müqəddəsdir
Region

Şəhid uyuyan torpaq müqəddəsdir

Şanlı Qələbə ilə başa çatan Vətən müharibəsi xalqımızın iradəsini, torpaq məhəbbətini, ordu ilə sıx birliyini nümayiş etdirdi. Öz dədə-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən Birinci Qarabağ müharibəsində 146 nəfər şəhid və 300 nəfərdən çox insan şikəst olub. Ermənilər tərəfindən girov götürülən 110 nəfər dinc sakindən 49-u əsir və girovluqda məhv edilib. Ağır faciə xocavəndliləri heç zaman ruhdan salmayıb. Vətən müharibəsinin ilk günlərindən xocavəndlilər döyüşlərə atılıb. 200 xocavəndli gənc döyüşlərdə iştirak edib. Onlardan 41 nəfəri yaralanıb, 10 nəfər isə şəhid olub. Şəhid ailələrinə və qazilərə rayonda yüksək diqqət və qayğı göstərilir, onlarla görüşlər keçirilir, üzləşdikləri problemlər həll edilir.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Birinci Qarabağ müharibəsinin iştirakçısıdır və müharibə veteranıdır. Torpaqlarımızın müdafiəsi uğrunda bir qardaşı şəhid olub, bir qardaşı isə ağır yaralanıb və Vətən qarşısındakı xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Milli Qəhrəman adına layiq görülüb.

Rayon ərazisində salınmış "Şəhidlər" Memorial Abidə Kompleksi ictimaiyyət nümayəndələri, məktəblilər, gənclər tərəfindən tez-tez ziyarət olunur. Bu günlərdə abidə kompleksində növbəti tədbir keçirilib və torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda canlarından keçən şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov qeyd edib ki, Vətən müharibəsi Azərbaycan xalqının yaddaşına və hərb tariximizə qızıl hərflərlə yazılıb. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə xatırlayır. Bu hissi bizə, xalqımıza yaşadanlar isə Azərbaycanın qorxmaz Vətən övladlarıdır. Biz xalqımıza bu Qələbəni yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna, torpaqlarımız uğrunda canlarından keçən qəhrəman oğullarımıza, sağlamlığını itirən qazilərimizə minnətdarıq. Onlar heç zaman unudulmayacaq. Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə ötürmək, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək isə bizim mənəvi borcumuzdur.

Tədbirdə qeyd olunub ki, 30 illik yurd həsrətinə son qoyan 44 günlük Vətən müharibəsində qazandığımız Qələbədə Xocavəndin mərd oğullarının da payı var. Xocavənd oğulları düşmən tapdağında qalan torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərərək uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəldilər. Bu gün Xocavənddə bütün şəhidlərimizin, Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğullarımız, onların ailələri hər zaman yad olunur.

Tədbirdə çıxış edən qazilər bildirdilər ki, Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun əsgərləri igidlikləri ilə qəhrəmanlıq dastanı yaratmışlar. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsindəki şanlı Qələbənin qazanılmasında ordumuzun ən müasir silahlardan istifadə etməsi, qısa müddət ərzində düşmənin hərbi texnikasının böyük hissəsini və xeyli sayda canlı qüvvəsini məhv etdi. Şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısı onlara çox böyük təsəlli olur, onlarda xoşbəxt gələcəyə güclü inam yaradır. Xocavəndlilər də öz dədə-baba torpaqlarına qayıtmağa hazırlaşırlar, indi bütün ailələrdə Böyük Qayıdışdan söz açılır.

S.BABAYEV,

"Respublika".