Şəhid Təhmasib Mustafayevin xatirəsinə abidə bulağı
Region

Şəhid Təhmasib Mustafayevin xatirəsinə abidə bulağı

Cəbrayıl rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları Biləsuvar rayonu ərazisində salınmış 11 saylı  qəsəbədə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş leytenantı, şəhid Təhmasib Mustafayevin xatirəsinə abidə bulağının açılışı oldu.

Tədbirdə Cəbrayıl Rayon İcra  Hakimiyyətinin başçısı Kamal Həsənov,  aparatın məsul əməkdaşları, şəhidin döyüş yoldaşları, müharibə əlilləri, veteranlar, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Mərasim iştirakçıları ilk öncə şəhidlər məzarlığını ziyarət edərək şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad etdilər. Bulağın açılışında rayon icra  hakimiyyətinin  başçısı Kamal Həsənov və digərləri çıxış edərək şəhidin keçdiyi döyüş yolundan söhbət açdılar. Bizlərə böyük tarixi Qələbəni bəxş edən şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların qəlblərdə əbədi yaşayacaqlarını dilə gətirdilər. Şəhidlərin ailə üzvlərinə səbir diləyərək belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlıqlarını ifadə etdilər.

Şəhidin valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini, şəhid  ailələrinə  göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər.

Sonda məktəblilər şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirdilər.

Tofiq HÜSEYN,

“Respublika”.